AZƏRBAYCAN İLƏ İRAN ARASINDA İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR GƏLƏCƏKDƏ DƏ İNKİŞAF EDƏCƏKDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANIN SƏRHƏD QOŞUNLARININ KOMANDANINI QƏBUL ETMİŞDİR
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Prezident sarayında İran İslam Respublikası Daxili İşlər Nazirliyinin Sərhəd Qoşunlarının komandanı, general-mayor Behnam Şəriətifərin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı İLHAM ƏLİYEV qonaqları səmimiyyətlə qarşılayaraq dedi:
- Hörmətli cənab komandan!
Hörmətli qonaqlar!
Azərbaycana xoş gəlmisiniz. İranla Azərbaycan arasında ikitərəfli münasibətlər inkişaf edir və günü-gündən güclənir. Xüsusilə Azərbaycan Prezidenti Heydər Əliyevin İrana rəsmi səfərindən sonra bu münasibətlər geniş pilləyə qalxıbdır. Bu səfər ikitərəfli münasibətlərimizdə böyük və önəmli rol oynamışdır. Ondan sonra bütün sahələrdə əlaqələrimiz daha da inkişaf etməyə başlamışdır.
Mən İranın Prezidenti hörmətli cənab Xatəmi ilə Cenevrədə keçirilmiş beynəlxalq toplantıda görüşmüşdüm. Xarici işlər naziri cənab Xərrazi ilə Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasında görüşmüşdüm. Digər görüşlərimiz də olubdur. Bütün bu danışıqlar, keçirdiyimiz görüşlər bizi bir daha əmin edir ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir.
İki ölkənin dövlət sərhəd xidmətlərinin də əməkdaşlığı çox uğurludur. Bildiyiniz kimi, bizim çox uzun sərhədimiz var. 700 kilometr uzunluğunda sərhədimiz var. Əlbəttə, bu sərhədi qorumaq üçün, əməkdaşlığı daha da artırmaq üçün iki sərhəd xidməti sıx əlaqədə olmalıdır və bilirəm ki, bu, belədir. Sizin də Azərbaycana səfəriniz bunu bir daha sübut edir. Biz istəyirik ki, ikitərəfli münasibətlərimiz daha da inkişaf etsin, insanlarımızın gediş-gəlişi artsın və beləliklə, ölkələrimiz bir-birinə daha yaxın olsunlar.
Sizi bir daha salamlayıram. Əminəm ki, burada keçirdiyiniz görüşlər bu istiqamətdə işimizi daha da təkmilləşdirəcəkdir.
İran Sərhəd Qoşunlarının komandanı, general-mayor BEHNAM ŞƏRİƏTİFƏR Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:
- Cənab Prezident, bu görüşün keçirilməsinə görə Allah-Təalaya minnətdaram. Sizinlə görüşmək fürsəti yaratdığınıza görə təşəkkür edirəm. Möhtərəm Prezident Heydər Əliyevin dünyasının dəyişməsi ilə bağlı Sizə başsağlığı verirəm.
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu, bizim ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsi və inkişafı üçün atılan addımdır. Bizim əməkdaşlığımız sərhədlərin qorunması sahəsində də davam edəcəkdir. İran İslam Respublikasının 15 ölkə ilə sərhədi vardır. Bütün bu ölkələrlə sərhəd məsələlərində əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə etmək niyyətindəyik. Baxmayaraq ki, bizim Şərqdə və Qərbdə böyük problemlərimiz var, amma Azərbaycana böyük əhəmiyyət veririk və bu sahədə əməkdaşlığımızı genişləndirmək fikrindəyik.
İnanırıq ki, milli mənafeyin qorunması qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində olmalıdır. Biz azərbaycanlı həmkarlarımızla birgə gələcəkdə işlərin sürətləndirilməsi üçün addımlar atacağıq. İki ölkə arasında mövcud olan müştərək dini, mədəni münasibətləri nəzərə alsaq, sərhəd məsələsində də heç bir problemin olmayacağı yəqinləşər.
Biz Əfqanıstanla sərhəddə onlar üçün bir baza yaradırıq. Əfqanıstan sərhədçiləri üçün İranda tədris kursları təşkil etmişik ki, onların öz ölkələrinin sərhədlərini qorumaq üçün imkanları olsun.
Çox sevinirik ki, Azərbaycanda sərhədçilər öz sahələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Azərbaycanın və İranın sərhəd xidmətləri arasında olan əlaqələr ölkələrimiz arasındakı münasibətlərin inkişafının təzahürüdür.
İLHAM ƏLİYEV: Çox sağ olun. Sərhədimiz dənizdə də, quruda da uzundur. Ona görə sərhəd xidmətlərinin birgə fəaliyyətinin əlaqələndirilməsi ikitərəfli münasibətlər üçün də çox böyük əhəmiyyət kəsb edir. Bunun bizim gələcək iqtisadi əlaqələrimizə də böyük təsiri olacaqdır. Burada müxtəlif məqsədlər qarşımızda durur. Bir tərəfdən, sərhəd etibarlı şəkildə qorunmalıdır ki, xoşagəlməz hadisələr baş verməsin. Digər tərəfdən, gərək insanlarımız da sərhəddən rahat keçsinlər. Bu məqsədlərə nail olmaq üçün, əlbəttə, ilk növbədə, gərək sərhəd xidmətləri arasında qarşılıqlı anlaşma olsun. Mən çox şadam ki, bu qarşılıqlı anlaşma, əməkdaşlıq var. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə daha da güclənəcəkdir. Sizin səfəriniz bunu bir daha sübut edir.
X X X
Qəbulda Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, İranın ölkəmizdəki səfiri Əhəd Qəzai və digər rəsmi şəxslər iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var