SİYASƏT
AZƏRBAYCAN İLƏ UKRAYNA ARASINDA STRATEJİ TƏRƏFDAŞLIĞIN MÜHÜM TƏRKİB HİSSƏSİ OLAN TİCARƏT-İQTİSADİ ƏMƏKDAŞLIQ DAHA DA GENİŞLƏNƏCƏKDİR
AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏNİN UKRAYNAYA İŞGÜZAR SƏFƏRİ
X X X
Azərbaycan hökumətinin başçısı Kiyevdə əvvəlcə Ukrayna Baş nazirinin müavini Andrey Klyuyevlə, sonra isə Hökumət evində Baş nazir Viktor Yanukoviçlə təkbətək görüşmüşdür.
Bundan sonra geniş tərkibdə ikitərəfli görüş keçirilmişdir. Səmimilik və dostluq şəraitində keçən görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm tərkib hissəsi kimi ticarət-iqtisadi əməkdaşlıqla bağlı kompleks məsələlər müzakirə edilmişdir. Tərəflər 2009-cu ilədək iqtisadi proqram çərçivəsində münasibətləri daha da gücləndirməyin, ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Azərbaycan-Ukrayna Komissiyasının iclasını yaxın vaxtlarda keçirməyin zəruriliyi barədə yekdil rəyə gəlmişlər. Xəzər regionundan enerji daşıyıcılarının Ukraynaya, oradan isə Avropaya göndərilməsi mövzusu, habelə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
Danışıqlarda Azərbaycan tərəfindən ARDNŞ-in prezidenti Natiq Əliyev, ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev, Nazirlər Kabinetinin məsul işçiləri də iştirak edirdilər.
Baş nazirlər danışıqların yekunlarına dair Ukrayna və xarici KİV nümayəndələri üçün birgə mətbuat konfransı keçirmişlər, Ukraynanın Baş naziri Azərbaycan hökuməti başçısının şərəfinə ziyafət vermişdir.
X X X
AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏ
UKRAYNA PREZİDENTİ LEONİD KUÇMA
İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycanın Baş naziri Artur Rasizadə fevralın 18-də Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşmüşdür.
Azərbaycan hökumətinin başçısı respublikamızın Prezidenti İlham Əliyevin səmimi salamlarını Ukrayna Prezidenti Leonid Kuçmaya çatdırmışdır. Ukrayna Prezidenti də özünün ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
ARDNŞ-in prezidenti Natiq Əliyev və Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev görüşdə iştirak etmişlər.
X X X
BAŞ NAZİR ARTUR RASİZADƏ AZƏRBAYCAN
SƏFİRLİYİNDƏ OLMUŞDUR
Baş nazir Artur Rasizadə fevralın 18-də Azərbaycan Respublikasının Ukraynadakı səfirliyində olmuş, diplomatik nümayəndəliyimizin əməkdaşları ilə görüşmüşdür. Sonra o, səfirliyin qarşısındakı bağçaya gedərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılacağı yerə baxmışdır.
X X X
SƏFƏR BAŞA ÇATDI
Fevralın 18-də Azərbaycanın Baş naziri Artur Rasizadə Kiyevə işgüzar səfərini başa çatdıraraq Bakıya yola düşmüşdür.
Kiyevin Borispol beynəlxalq hava limanında A.Rasizadəni və onu müşayiət edən şəxsləri Ukrayna Baş nazirinin müavini A.Klyuyev, xarici işlər nazirinin müavini İ.Kuleba, Azərbaycanın Ukraynadakı səfiri T.Əliyev yola salmışlar.