SİYASƏT
AZƏRBAYCAN MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ “AVROVİZİYA” MÜSABİQƏSİNİN TƏŞKİLATÇILARINA MƏKTUBLA MÜRACİƏT ETMİŞDİR
Müsabiqənin rəsmi saytında Andre adlı ermənistanlı müğənninin öz avtobioqrafiyasında Dağlıq Qarabağ Respublikasında doğulduğunu qeyd etməsi faktından son dərəcə narahat olan nazirlik müsabiqənin təşkilatlarına məktub göndərmişdir. Məktubda deyilir ki, bu faktı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik və təxribat kimi qiymətləndirmək lazımdır, habelə müsabiqə təşkilatlarını Ermənistanın təcavüzkar siyasətini dəstəkləmək kimi yozmaq olar.
Məktubda vurğulanır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Dünya ictimaiyyətinə məlumdur ki, Azərbaycan 1988-ci ildən etibarən Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar işğal olunmuşdur, hazırda məcburi köçkün vəziyyətində yaşayan bir milyondan çox adam doğma yurdundan qovulmuşdur.
İndi dünya ictimaiyyətinin diqqəti ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən sülh danışıqlarına yönəlmişdir və belə faktlar həmin prosesə mənfi təsir göstərə bilər.
Məktubda əminlik ifadə edilir ki, mədəniyyətlər arasında dialoqa layiqincə xidmət göstərən bu müsabiqənin təşkilatçıları həmin anlaşılmazlığı araşdıraraq, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünə hörmətlə yanaşacaqlar.