SİYASƏT
AZƏRBAYCAN MDB ÖLKƏLƏRİ İLƏ ƏMƏKDAŞLIĞI BUNDAN SONRA DA İNKİŞAF ETDİRMƏK NİYYƏTİNDƏDİR
Yanvarın 16-da Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev MDB-nin İcraçı katibi Yuri Yarovu qəbul etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüş zamanı nazir Vilayət Quliyev MDB ölkələri arasındakı əlaqələrin genişləndirilməsinin zəruriliyini və Azərbaycan tərəfinin MDB ölkələri ilə əməkdaşlığı bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu bildirmişdir.
Sonra Yuri Yarov MDB ölkələri İcraçı katibliyinin daxilində aparılan islahatlar barədə və həmçinin MDB ölkələri başçılarının bu ilin yanvarın 28-29-da keçirilməsi nəzərdə tutulan qeyri-rəsmi görüşünə hazırlıqla bağlı nazirə geniş məlumat vermişdir.
Söhbət zamanı Vilayət Quliyev və Yuri Yarov MDB məkanında baş verən son prosesləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri də müzakirə etmişlər.