SİYASƏT
AZƏRBAYCAN MOK-UN PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEV MALAYZİYADA BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ JAK ROQQLA GÖRÜŞMÜŞDÜR
Xəbər verdiyimiz kimi, Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) XIII Baş Assambleyası öz işini davam etdirir.
Mayın 23-də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məslisin deputatı İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun iqaməgahında onunla görüşmüşdür. BOK prezidenti Jak Roqq Azərbaycanda idmanın inkişafından, Olimpiya Hərəkatının genişlənməsindən, ölkəmizdə yeni idman komplekslərinin, qurğularının tikintisi sahəsində əldə olunmuş nailiyyətlərdən, Azərbaycanda bir sıra mötəbər beynəlxalq yarışların yüksək səviyyədə təşkil edilib keçirilməsindən xəbərdar olduğunu bildirmişdir. O, demişdir: sərbəst güləş üzrə 45-ci Avropa çempionatının nəticələri təsdiq edir ki, Azərbaycanda belə yüksək səviyyəli yarışların təşkili və keçirilməsi üçün hər cür şərait vardır. BOK prezidenti Jak Roqq Azərbaycanda Olimpiya Hərəkatının sürətlə inkişaf edib genişlənməsindən böyük məmnunluq duyduğunu vurğulamışdır.
Görüşdə Azərbaycan Olimpiya Komitəsinin prezidenti İlham Əliyev son vaxtlar ölkəmizdə idmanın inkişafı, Olimpiya Hərəkatının genişlənməsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə BOK prezidentinə geniş məlumat vermişdir.
Söhbət zamanı Jak Roqq Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev ilə Bakıda keçirdiyi görüşlərini məmnunluqla xatırladığını bildirmiş, ölkəmizin başçısının idmana və Olimpiya Hərəkatına diqqət və qayğısını yüksək qiymətləndirmişdir. Cənab Jak Roqq onun salamlarını və ehtiramını cənab Prezident Heydər Əliyevə çatdırmağı İlham Əliyevdən xahiş etmişdir.