SİYASƏT
AZƏRBAYCAN PREZİDENTİNİN TƏHSİLLƏ BAĞLI SƏRƏNCAMI BU SAHƏDƏ ƏSASLI DÖNÜŞ YARADACAQDIR
Dövlətimizin başçısı Heydər Əliyevin ölkədə yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlığı ilə təmin olunmasına dair sərəncamı təhsilin inkişafında əsaslı dönüş yaradacaqdır. Bu sözləri təhsil naziri Misir Mərdanov dövlətimizin başçısının məlum 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə bağlı AZƏRTAC-ın müxbirinin sualını şərh edərkən demişdir. Həmin sərəncamla təsdiq olunmuş proqramda 376 yeni məktəb binasının, 1338 sinif otağının tikintisi, 477 məktəbin əsaslı təmiri nəzərdə tutulub. Bu məktəblər həm də ən müasir tədris avadanlığı ilə təchiz ediləcəkdir.
Beş il ərzində həyata keçiriləcək bu proqram Azərbaycanda təhsil sisteminin inkişafında əsaslı dönüş yaradacaq. Hazırda respublikada 4513 ümumtəhsil məktəbi vardır ki, onların yalnız 1225-i müasir tipli binada fəaliyyət göstərir. Qalanları uyğunlaşdırılmış binalardır. Həmin müasir tipli 1225 məktəbin də 900-dən çoxu dövlətimizin başçısı Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə tikilmişdir.