RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ KONQRESİNİN ÜZVÜ QREQ LAFLİN İLƏ GÖRÜŞMÜŞDÜR

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda Texas ştatından ABŞ konqresinin üzvü Qreq Laflin ilə görüşmüşdür.

Qreq Laflini Azərbaycanın yaxın dostu hesab etdiyini bildirən Prezident Heydər Əliyev onun respublikamızda çox məşhur olduğunu və xalqımızın ona böyük sevgi bəslədiyini vurğuladı.

Özünü həqiqətən Azərbaycanın dostu hesab edən və bu dostluqla fəxr etdiyini bildirən Qreq Laflin ölkələrimiz arasındakı əlaqələrin inkişafına əlindən gələn köməyi etdiyini söylədi.

Görüşdə ABŞ konqresində Azərbaycan haqqında düzgün, obyektiv məlumat yayılması imkanları barədə fikir mübadiləsi aparıldı. Prezident Heydər Əliyev 907-ci maddənin aradan qaldırılması üçün bir sıra senatorların göstərdikləri cəhdlərdə, eyni zamanda son vaxtlar ABŞ konqresinin əsl həqiqəti daha dərindən, düzgün dərk etməyə başlaması istiqamətində görülən işlərdə Qreq Laflinin mühüm rolunu qiymətləndirdi.

Azərbaycana səfərindən, Prezident Heydər Əliyevlə görüşlərindən məmnunluqla söhbət açan konqres üzvü ölkəmizdə ona göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkür etdi və hər zaman Azərbaycana yenidən gəlməyə hazır olduğunu bildirdi.

Prezident Heydər Əliyev cənab Laflini bir daha Azərbaycana səfərə dəvət etdi.

Qreq Laflin konqresin 907-ci maddənin ləğv etməsi üçün səylərini əsirgəməyəcəyini və Amerika-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsi naminə bütün imkanlardan istifadə edəcəyini bildirdi. O qeyd etdi ki, Prezident Heydər Əliyev Mərkəzi Asiyanın bütün dövlətlərinə nümunədir. Qreq Laflin bildirdi ki, məhz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin zəngin təbii sərvətlərinin sahibi olmağa, bu sərvətlər barəsində müstəqil qərarlar qəbul etməyə qadirdir. Onun fikrincə, məhz buna görə ABŞ Azərbaycanı həmişə dəstəkləməlidir və konqres bu həqiqətləri dəkr etməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin