RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 1-də Nyu-Yorkda, onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun həmsədrləri Nikolay Qribkovu (Rusiya), Filip de Sürmeni (Fransa) və Rudolf Perinanı (ABŞ) qəbul etmişdir.
Dövlətimizin başçısını səmimiyyətlə salamlayan həmsədrlər Prezident Heydər Əliyev ilə hər bir görüşün onlar üçün çox əhəmiyyətli və faydalı olduğunu bildirdilər.
Söhbət zamanı 11 sentyabr faciəsindən sonra Nyu-Yorkda keçirilən Dünya İqtsadi Forumunun beynəlxalq terrorizmə və təcavüzkar separatizmə qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynayacağı vurğulandı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün danışıqlar prosesinin gedişi haqqında ətraflı fikir mübadiləsi aparıldı.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizindən çoxunun işğal olunduğunu, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda, ağır vəziyyətdə yaşadığını bir daha xatırladan Prezident Heydər Əliyev dedi ki, bu münaqişənin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin öz səylərini artırması çox vacibdir.
Söhbət zamanı Minsk qrupu çərçivəsində aparılan danışıqların, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşlərinin davam etdirilməsinin zəruriliyi vurğulandı və bildirildi ki, münaqişənin tezliklə sülh yolu ilə həll olunması üçün bütün imkanlardan istifadə edilməlidir.