RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BOLQARSTAN XALQ MƏCLİSİNİN SƏDRİ BLAQOVEST SENDOVLA GÖRÜŞMÜŞDÜR

İyunun 29-da Sofiyada Azərbaycan Prezidenti Heydər Əliyev Bolqarstan Xalq Məclisinin sədri Blaqovest Sendovla görüşmüşdür.

Parlament sədri dövlətimizin başçısını səmimiyyətlə, mehribanlıqla qarşıladı və Heydər Əliyev kimi dünya şöhrətli bir şəxsiyyətlə görüşündən məmnun qaldığını bildirdi. Cənab Sendov Bolqarıstan Xalq Məclisinin quruluşu, fəaliyyəti, iş prinsipləri barədə Heydər Əliyevə geniş məlumat verdi, ölkənin iqtisadi, siyasi həyatının mövcud problemlərinin aradan qaldırılmasında Xalq Məclisinin rolundan və qəbul edilən qanunların işləmə mexanizmindən söhbət açdı.

Uzun illər Sovet İttifaqının təsiri altında olmuş öz ölkəsində indiki dövrdə demokratik islahatların həyata keçirilməsi vəziyyətindən bəhs edən cənab Sendov Bolqarıstan parlamentinin respublikamıza göstərdiyi maraqdan da danışdı və dedi: Biz inanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycan yaxın illərdə bütün çətinliklərdən xilas olacaq və inkişaf etmiş ölkələr sırasına çıxacaqdır.

Səmimi sözlərə görə parlament sədrinə minnətdarlığını bildirən Azərbaycan Prezidenti Heydər Əliyev dost Bolqarıstanla respublikamız arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdi. O dedi ki, biz xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinin yeni şəraitdə canlandırılmasına xüsusi diqqət yetirməli, bunun üçün hər iki ölkənin intellektindən, o cümlədən xalq deputatlarımızın qarşılıqlı münasibətlərindən hərtərəfli istifadə etməliyik.

Bolqarıstan və Azərbaycan parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin çox vacib olduğunu vurğulayan respublikamızın rəhbəri təcrübə mübadiləsi aparılmasının faydası üzərində də geniş dayandı.

Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzündən bəhs edən ölkəmizin haqq işinin beynəlxalq təşkilatlarda müdafiə olunmasında Bolqarıstan dövlətinin mövqeyi barədə öz fikirlərini bildirdi.

Görüşdən sonra Azərbaycan Prezidenti Bolqarıstan Xalq Məclisinin iclasında çıxış etdi. Heydər Əliyevin çıxışı böyük diqqətlə dinlənildi və dəfələrlə alqışlandı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin