RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MACARISTAN PREZİDENTİ ARPAD HENTS İLƏ GÖRÜŞMÜŞDÜR

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda Macarıstan Respublikasının Prezidenti Arpad Hents ilə görüşmüşdür.

Azərbaycan rəhbərini səmimi salamlayan Macarıstan dövlətinin başçısı respublikamızdakı vəziyyət barədə mətbuatdan xəbər tutduğunu söylədi. Bu xəbərlərin o qədər də geniş olmadığını vurğulayan cənab Hents Azərbaycan Prezidentindən daha ətraflı məlumat öyrənmək istəyini bildirdi.

Dövlət başçıları bundan əvvəlki görüşlərini xatırlayaraq, o vaxt aparılan fikir mübadiləsini davam etdirdilər. Azərbaycan Prezidenti dedi ki, biz Macarıstanla əlaqələrimizi inkişaf etdirmək istəyirik və bundan ötrü yaxşı imkanlar var. Heydər Əliyev xüsusi olaraq vurğuladı ki, hazırda Macarıstan ATƏT-ə sədrlik edən dövlət olduğuna görə bu ölkənin Prezidenti ilə görüşə böyük əhəmiyyət verir. Çünki Ermənistanın təcavüzü nəticəsində yaranmış vəziyyəti aradan qaldırmaq barədə ATƏT-nin Minsk qrupu çərçivəsində danışıqlar aparılır.

Sonra Heydər Əliyev respublikamızdakı vəziyyət barədə cənab Hentsə məlumat verdi.

Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi ilə bağlı olan, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər. Qeyd olundu ki, Azərbaycan ilə Macarıstanın əlaqələrinin daha da dərinləşdirilməsi hər iki ölkənin gələcək inkişafı üçün əlverişli imkanlar açacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin