RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ FRANSANIN BAŞ NAZİRİ ALEN JÜPPE İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Prezidenti Heydər Əliyev Parisə səfəri zamanı yanvarın 11-də Fransanın Baş naziri Alen Jüppe ilə görüşmüşdür. Dövlətimizin başçısı Heydər Əliyev görkəmli siyasi xadim Fransua Mitteranın vəfatı münasibətilə xalqımız adından və öz adından cənab Jüppenə başsağlığı verdi.

Respublikamızın rəhbəri 1995-ci il dekabrın əvvəlində Parisdə Ümumdünya Bankının “Azərbaycan üçün investisiyalar” mövzusunda təşkil etdiyi beynəlxalq konfransın uğurla keçməsindən razılıqla söhbət açdı. Fransa ilə bütün sahələrdə əməkdaşlığımızın genişləndirilməsinə ölkəmizin xüsusi maraq göstərdiyini bildirdi.

Fransua Mitteranın dəfn mərasimində iştirak etmək üçün Parisə gəldiyinə və verdiyi başsağlığına görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirən Alen Jüppe respublikamızın rəhbəri ilə hər bir görüşünün çox əhəmiyyətli olduğunu qeyd etdi. Baş nazir Fransa iş adamlarının Azərbaycana sərmayə qoymağa maraq göstərdiyini bir daha vurğulayaraq, “Elf Akiten” şirkəti ilə respublikamızın əlaqələrinin uğurlu olacağına əmin olduğunu bildirdi.

Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə başa çatdırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda, ölkəmizin neft sənayesinin inkişaf etdirilməsində Fransanın yaxından iştirak etmək niyyətindən, ikitərəfli əlaqələrin bütün sahələrdə daha da möhkəmləndirilməsi perspektivlərindən də bəhs edildi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin