AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ JAK ŞİRAK İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Azərbaycan Prezidenti Heydər Əliyev Parisə səfəri zamanı yanvarın 11-də Fransda Prezidenti Jak Şirak ilə görüşmüşdür.
Dövlətimizin başçısı Heydər Əliyev görkəmli siyasi xadim, Fransanın keçmiş prezidenti Fransua Mitteranın vəfatı ilə əlaqədar olaraq cənab Jak Şiraka Azərbaycan xalqı adından, şəxsən öz adından dərin hüznlə başsağlığı verdi.
Başsağlığına görə minnətdarlıq edən Prezident Jak Şirak dəfn mərasimində iştirak etmək üçün uzaq yol qət edərək Azərbaycandan Fransaya gəlmiş Prezident Heydər Əliyevə razılığını bildirdi.
Mərhumun xatirəsini dərin hörmətlə yad etdiyini söyləyən ölkəmizin rəhbəri müstəqil Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında münasibətlərin, dostluq və əməkdaşlığın inkişaf etdirilməsi sahəsində Fransua Mitteranın xidmətlərinin Azərbaycan xalqı tərəfindən həmişə yüksək qiymətləndirildiyini və heç zaman unudulmayacağını qeyd etdi.
Prezident Heydər Əliyev xatırlatdı ki, o, 1993-cü ilin dekabrında Azərbaycan Prezidenti seçildikdən iki ay sonra Fransa Prezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə rəsmi səfərə gəlmişdir. Həmin səfər zamanı keçirilmiş görüşlər, aparılmış danışıqlar, imzalanmış çox mühüm sənədlər ölkələrimiz arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərinin əsasını qoymuş və onların sürətlə inkişsf etdirilməsinə möhkəm təminat yaratmışdır. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, dostluq münasibətlərimiz bundan sonra da sürətlə inkişaf edəcək və möhkəm təməl əsasında qurulmuş əməkdaşlıq daha da genişlənəcəkdir.
Prezident Jak Şirak Azərbaycan ilə Fransa arasında münasibətlərin inkişaf etdirilməsinin, Fransanın dövlət mənafeyinə və maraqlarına uyğun olduğunu söylədi. O qeyd etdi ki, Fransa yeni müstəqillik qazanmış olan keçmiş sovet respublikalarının hər biri ilə ikitərəfli əlaqələrini inkişaf etdirmək niyyətindədir və onun ölkəsi bu mənada Azərbaycan ilə əlaqələrə çox böyük əhəmiyyət verir. Jak Şirak Azərbaycanın zəngin potensiala malik bir ölkə olduğunu və çox mühüm coğrafi-siyasi mövqedə yerləşdiyini qeyd edərək, Azərbaycanın iqtisadi inkişafında Fransanın yaxından iştirak etmək niyyətində olduğunu bildirdi.
Daha sonra Prezident Jak Şirak Prezident Heydər Əliyevin bu yaxınlarda Parisə çox uğurlu səfəri barədə ətraflı məlumatı olduğu və Baş nazir Alen Jüppenin bu barədə ona geniş məruzə etdiyini söylədi. Cənab Şirak Prezident Heydər Əliyevin Parisə həmin səfəri zamanı xaricdə olduğuna görə onunla görüşə bilmədiyinə təəssüfləndiyini bildirdi.
Dövlətimizin başçısı Ümumdünya Bankının “Azərbaycan üçün investisiyalar” mövzusunda Parisdə keçirdiyi beynəlxalq konfransda iştirak etdiyini, Baş nazir Alen Jüppe ilə və parlamentdə keçirdiyi görüşlərin çox böyük əhəmiyyəti olduğunu qeyd etdi və bu səfərin uğurlu keçməsindən razı qaldığını söylədi.
Prezident Jak Şirak Azərbaycanın zəngin neft ehtiyatlarından istifadə edilməsi sahəsində Fransanın “Elf akiten” şirkəti ilə danışıqlar aparmasından məmnun qaldığını ifadə etməklə bərabər, ümidvar olduğunu bildirdi ki, bu danışıqlar sazişlərin imzalanması ilə nəticələnəcək və həmin nüfuzlu şirkət Azərbaycanın neft sənayesinin inkişafına öz töhfəsini verəcəkdir.
Dövlətimizin başçısı “Elf Akiten” ilə ölkəmizin əlaqələrindən, bu şirkətin prezidentinin yaxın vaxtlarda Bakıya səfəri zamanı lazımi sazişlərin imzalanacağından bəhs etdi.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində aparılan son danışıqlardan söhbət açan Prezident Heydər Əliyev dedi ki, onun Parisə bundan əvvəlki səfəri zamanı Alen Jüppe ilə keçirdiyi görüşün əsas mövzularından biri məhz bu problem olmuş və o, ölkəmizin bu sahədə mövqeyini açıqlamışdır. Dövlətimizin başçısı Fransa kimi qüdrətli bir dövlətin bu münaqişənin həllində yardımçı olmasını arzuladığını bildirdi və regionda sülhün, əməkdaşlığın təmin edilməsi və Fransanın əməli kömək göstərməsini xahiş etdi. Cənab Jak Şirak ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin aradan qaldırılması üçün aparılan danışıqlarda Fransanın bundan sonra da fəal rol oynayacağını söylədi.
Prezident Heydər Əliyev əvvəllər Jak Şirakı Azərbaycana rəsmi səfərə dəvət etdiyini xatırlatdı və onu respublikamızda səbirsizliklə gözləyəcəklərini vurğuladı. Dəvət məmnuniyyətlə qəbul edildi.
Xəbərin mətnində orfoqrafik səhv var