AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏNİN PREZİDENTİ SÜLEYMAN DƏMİRƏL İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
İyunun 30-da Buxarestdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.
Dost və qardaş ölkənin başçısı Süleyman Dəmirəl Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətlə salamladı, Qara dəniz hövzəsi ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında onun çıxışını diqqətlə dinlədiyini bildirdi.
Ermənistanın Azərbaycana təcavüzündən narahatlıqla söhbət açan, müharibənin sülh yolu ilə başa çatması istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti məsələsinə toxunan Süleyman Dəmirəl dedi ki, Azərbaycan üzülürsə, demək, bizdə üzülürük, sevinirsə, biz də sevinirik.
Süleyman Dəmirəl dedi ki, Türkiyə Respublikası qaçqınların problemlərinin həllində Azərbaycana kömək etməyə həmişə diqqət yetirmiş və həmin istiqamətdə yardımını bundan sonra da davam etdirəcəkdir.
Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə yenidən görüşməsindən məmnunluqla söhbət açan Azərbaycan Prezidenti Heydər Əliyev dedi ki, biz həmişə bu dost və qardaş ölkəyə güvənmişik. Heydər Əliyevin fikrincə, elə buna görə də vaxtaşırı görüşlərin çox böyük əhəmiyyəti vardır. O, Türkiyə xalqının, bu dövlətin rəhbərlərinin və şəxsən Prezident Süleyman Dəmirəlin Azərbaycana xüsusi diqqətlə yanaşmalarından razılıqla bəhs etdi.
Azərbaycan Prezidenti Türkiyə Respublikası Prezidentinin Buxarest Zirvə Toplantısındakı çıxışından da söhbət açdı və bu cıxışı da məmnunluqla dinlədiyini söylədi.
Respublikamızın rəhbəri ölkəmizdə demokratik proseslərin gedişindən də bəhs etdi və bu ilin noyabrında keçirilcək parlament seçkilərinə, referendum yolu ilə yeni konstitusiyanın qəbul olunmasına görülən hazırlıq işlərindən danışdı.
Söhbət zamanı Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunması, qaçqın düşmüş vətəndaşlarımızın öz doğma yerlərinə qaytarılması yolları barədə fikir mübadiləsi aparıldı. ATƏT-in Minsk qrupunun bu sahədəki fəaliyyəti haqqında mülahizələr bildirildi.
Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıldı, habelə Türkiyə Prezidenti Süleyman Dəmirəlin ölkəmizə gözlənilən səfərindən söhbət açıldı.
Xəbərin mətnində orfoqrafik səhv var