RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYA PARLAMENTİNİN PARLAMENTLƏRARASI İTTİFAQDAKI NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Prezident sarayında Böyük Britaniya parlamentinin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, cəmiyyətin demokratikləşdirilməsi və digər sahələrdə həyata keçirilən geniş miqyaslı işlər barəsində ətraflı danışdı.
Böyük Britaniya parlamentinin üzvü Brayan Cenkins nümayəndə heyətinin bir çox üzvlərinin Azərbaycana ilk dəfə səfər etdiklərini və ölkəmizin xüsusilə son dövrlərdə əldə etdiyi böyük nailiyyətlərin nümayəndə heyətində son dərəcə yaxşı təəssüratlar yaratdığını vurğuladı. Qonaq Prezident İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən işlər ilə bağlı verilən məlumatların ölkəmizi daha yaxından tanımaq baxımından əhəmiyyətli olduğunu qeyd etdi.