AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FİNLANDİYANIN XARİCİ İŞLƏR NAZİRİ ERKKİ TUOMİOYYANI QƏBUL ETMİŞDİR
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Prezident sarayında Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyyanı qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı ölkələrimiz arasında həm ikitərəfli əsaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin dinamik surətdə inkişaf etdiyini bildirdi, eyni zamanda, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.
Prezident İlham Əliyev Avropa İttifaqının üzvü kimi Finlandiya ilə Azərbaycanın əlaqələri məsələsinə toxundu, respublikamızın bu beynəlxalq təşkilatla münasibətlərinin sürətlə inkişaf etdiyini nəzərə çarpdırdı. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqının yeni qonşuluq siyasətində fəal iştirak etdiyini vurğuladı, eyni zamanda, bu qurumun bölgəyə, o cümlədən Azərbaycana marağının artmasını böyük məmnunluqla qeyd etdi, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin olunmasını bunun təzahürü kimi qiymətləndirdi.
Prezident İlham Əliyev Finlandiya xarici işlər nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğuladı.
Səmimi qəbula və xoş sözlərə görə minnətdarlığını bildirən qonaq hələ altı il bundan öncə rəsmi nümayəndə heyətinin tərkibində Azərbaycanda olduğunu diqqətə çatdırdı. O, həmin vaxdan sanki 20 ildən çox keçdiyini vurğulayaraq, Azərbaycanın bu müddətdə misli görünməmiş inkişaf etdiyini bildirdi. Qonaq dedi ki, heç bir ölkədə belə qısa zaman ərzində bu cür inkişafın şahidi olmamışdır.
Azərbaycan-Finlandiya əlaqələrinin daha da möhkəmlənməsi üçün geniş perspektivlər olduğunu vurğulayan nazir bu əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əmin olduğunu söylədi. O dedi ki, Azərbaycan çox həssas, münaqişələrin mövcud olduğu bir bölgədə yerləşməsinə baxmayaraq, Qafqazda sabitlik mərkəzinə çevrilmişdir. Qonaq bildirdi ki, Finlandiya yeni qonşuluq siyasətinə qoşulan ölkələrdə sabitliyin bərqərar olmasında maraqlıdır.
Cənab Erkki Tuomioyya dedi ki, Finlandiya on ildən çoxdur Avropa İttifaqının fəal üzvlərindən biridir. O bildirdi ki, həm Finlandiya, həm də Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını istəyir. Qonaq əmin olduğunu söylədi ki, Azərbaycanın Finlandiya, eləcə də Avropa İttifaqı ilə əlaqələri bundan sonra da inkişaf edəcəkdir.
Qəbulda Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Finlandiyanın Azərbaycandakı səfiri Terhi Hakkala iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var