AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ TSZYAN TSZEMİN İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 9-da Moskvada Çin Xalq Respublikasının sədri Tszyan Tszemin ilə görüşmüşdür.
Azərbaycan Prezidentini çox səmimi salamlayan ÇXR rəhbəri Tszyan Tszemin Heydər Əliyevin Çinə səfərini hələ də məmnuniyyətlə xatırladığını söylədi.
Heydər Əliyev Çin ilə Azərbaycan arasında əlaqələrin tarixi kökləri olduğunu qeyd etdi. O, ÇXR-in işgüzar dairələrinin Azərbaycana sərmayə qoymasını arzuladığını bildirdi. Respublikamızın rəhbərinin fikrinicə, ölkələrimizin sıx iqtisadi əməkdaşlığı xalqlarımızı bir-birinə daha da yaxınlaşdırar və dövlətlərimiz arasında münasibətləri möhkəmləndirər.
Prezident Heydər Əliyev Çində aparılan iqtisadi islahatların Azərbaycan üçün çox maraqlı olduğunu və bu təcrübəni öyrənmək üçün nümayəndə heyətləri mübadiləsinə ehtiyac duyulduğunu vurğuladı.
Daha sonra o, Ermənistanın Azərbaycana hərbi təcavüzü, torpaqlarımızın bir qisminin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması və bu ərazilərdən bir milyondan çox vətəndaşımızın qaçqın düşməsi barədə Tszyan Tszeminə ətraflı məlumat verdi.
Çin Xalq Respublikasının sədri bu məlumat üçün Prezident Heydər Əliyevə təşəkkürünü bildirdi və onu əmin etdi ki, ÇXR Azərbaycanın ədalətli mövqeyini, haqq işini bütün beynəlxalq təşkilatlarda müdafiə edəcəkdir.
Görüşün sonunda Azərbaycan Prezidenti Heydər Əliyev ÇXR-in sədri Tszyan Tszemini ölkəmizə rəsmi səfərə dəvət etdi.
Xəbərin mətnində orfoqrafik səhv var