RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV LİTVA RESPUBLİKASININ PREZİDENTİ ALGİRDAS BRAZAUSKAS İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə ölkələrimiz arasındakı əlaqələrin vəziyyətindən bəhs olundu və qeyd edildi ki, keçmiş İttifaqın tərkibindən çıxmış bu müstəqil ölkələr əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirməlidirlər. Bazar iqtisadiyyatı yolunu seçmiş ölkələrimizdə keçmiş əlaqələrin bərpa olunmasına, ayrı-ayrı müəssisələrin, şirkətlərin, iş adamlarının qarşılıqlı münasibətlərinin genişləndirilməsinə ciddi ehtiyac vardır.
Söhbət zamanı Litvanın kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində əldə etdiyi nailiyyətlərin dərindən öyrənilməsinin Azərbaycan üçün faydalı olduğu vurğulandı.
Tərəflər öz ölkələrində demoktratik hüquqi dövlət quruculuğu istiqamətində görülən işlər barədə də bir-birinə məlumat verdilər. Heydər Əliyev bu il respublikamızda demoktratik parlament seçkiləri keçiriləcəyini və referendum yolu ilə yeni konstitusiya qəbul ediləcəyini bildirdi və bununla əlaqədar görülən hazırlıq tədbirlərindən söhbət açdı.
Keçid dövründə Azərbaycanın qarşılaşdığı ən ağır problemdən – Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən də geniş bəhs edildi və bu münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində atılan addımlardan danışıldı.
Görüşdə bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.