RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERASİYASININ PREZİDENTİ BORİS YELTSİNLƏ GÖRÜŞMÜŞDÜR
Rusiya dövlətinin başçısı Azərbaycan rəhbərini səmimiyyətlə salamladı, İkinci Dünya müharibəsində Qələbənin 50 illiyi münasibətilə Moskvada keçirilən şənliklərdə iştirak etmək baradə dəvəti qəbul etdiyi üçün ona təşəkkürünü bildirdi. Boris Yeltsin Qələbənin yubileyi münasibətilə Heydər Əliyevin ona göndərdiyi təbrik məktubundan çox məmnun olduğunu söylədi. Rusiya Prezidenti qeyd etdi ki, bu qələbənin əldə olunmasında Azərbaycanın da özünəməxsus payı vardır. O, bu münasibətlə Heydər Əliyevi və bütün Azərbaycan xalqını təbrik etdi.
Heydər Əliyev səmimi sözlərə görə Boris Yeltsinə minnətdarlığını bildirdi, Rusiya Prezidentini və Rusiya xalqını qələbə bayramı münasibətilə təbrik etdi. O dedi ki, İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında keçmiş SSRİ-nin bütün xalqları yaxından iştirak etmiş, faşizmə qarşı mübarizədə əsl qəhrəmanlıq nümunələri göstərmişlər. Heydər Əliyev İkinci Dünya müharibəsində Azərbaycan xalqının fəal iştirakından geniş bəhs etdi və bir daha vurğuladı ki, o dövrdə bütün ölkədə istehsal olunan neftin böyük əksəriyyəti Azərbaycanın payına düşürdü.
Görüşdə müstəqil demokratik dövlət quruculuğu yolunda mürəkkəb keçid dövrünü yaşayan Rusiya və Azərbaycan xalqlarının dostluq və əməkdaşlığını möhkəmləndirmək lüzumu xüsusi qeyd edildi. Tərəflərin fikrincə, birgə səylərlə bütün çətinlikləri aradan qaldırmaq, regionda sülhə və sabitliyə nail olmaq mümkündür.
Prezidentlər ölkələrimiz arasında iqtisadi, siyasi, ticarət əlaqələrinin hazırkı vəziyyətinin müzakirəsinə geniş yer ayırdılar. Onlar bildirdilər ki, əvvəlki iqtisadi əlaqələrin yeni formada, bərabər tərəfdaşlıq qaydasında canlandırılması və daha da möhkəmləndirilməsi hər iki müstəqil dövlətin mənafeyinə uyğundur.
Bir sıra sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişaf etdirilməsi yolunda atılan addımlardan məmnunluqla söhbət açıldı, ayrı-ayrı şirkətlərin, müəssisələrin birbaşa əlaqələr qurmaq səyləri yüksək qiymətləndirildi və bu sahədə işin davam etdirilməsinin hər iki tərəf üçün faydalı olduğu qeyd edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsinin sülh yolu ilə, beynəlxalq təşkilatlar çərçivəsində həlli məsələləri də nəzərdən keçirildi. Prezidentlərin fikirincə, ölkələrimiz regionda sülhün və əmin-amanlığın bərpa olunmasına müntəzəm diqqət yetirməlidirlər.
Görüşdə Çeçenistan hadisələri ilə əlaqədar ölkələrimiz arasında kommunikasiya xətlərinin bağlanması nəticəsində yaranmış vəziyyətdən və məsələnin həlli ilə bağlı görülən tədbirlərlərdən də söhbət açıldı, iki qonşu ölkənin sıx əlaqələr saxlamasının əhəmiyyəti qeyd olundu və bunun üçün tərəflərin qarşılıqlı addımlar atmasının vacibliyi bildirildi.