RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKMƏNİSTAN RESPUBLİKASININ PREZİDENTİ SAPARMURAD NİYAZOV İLƏ GÖRÜŞMÜŞDÜR
Görüşdə qeyd olunmuşdur ki, dost ölkələrimizin qədim tarixi ənənələri olan əlaqələrini daha da sıxlaşdırmaq, iqtisadiyyat, ticarət, mədəniyyət sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldırmaq üçün bütün imkanlar səfərbərliyə alınmalıdır. Tərəflərin fikrincə, ayrı-ayrı şirkətlərin, konkret sahələrin bir-biri ilə bilavasitə əlaqələr qurması ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə güclü təkan verə bilər. Bazar iqtisadiyyatı yolunu seçmiş hər iki müstəqil dövlətdə islahatların həyata keçirilməsi təcrübəsinin daha dərindən öyrənilməsi və qarşılıqlı tətbiqi də diqqətdən yayınmamalıdır.
Prezidentlər Xəzərin statusuna dair məsələ barədə də fikir mübadiləsi apardılar. Hər iki tərəfin fikirincə, bu məsələnin dərindən öyrənilməsi üçün işçi qrupları yaradılmasına, həmin qrupların vaxtaşırı görüşlərinin təşkil edilməsinə ciddi ehtiyac vardır. Söhbət zamanı işçi qrupların qarşılıqlı olaraq həm Türkmənistana, həm də Azərbaycana gəlməsinin vacibliyi də qeyd edildi.
Görüşdə hər iki ölkəni maraqlandıran digər məsələlərdə nəzərdən keçirildi.