SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
“Kənd, meşə, balıqçılıq, meliorasiya və su təsərrüfatları, ekologiya və hidrometeorologiya sahələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında” 4 iyul 2003-cü il tarixli Sərəncamınız ölkəmizin çoxminli melioratorlar kollektivində böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. Respublikamızın zəhmət adamlarına göstərdiyiniz növbəti qayğı və diqqət Sizin uğurlu daxili siyasətinizin məntiqi nəticəsi, onun yeni parlaq təzahürüdür.
Möhtərəm Prezident!
Respublika əhalisinin maddi rifah halının daim yüksəldilməsi, onun sosial problemlərinin həlli istiqamətində qəbul etdiyiniz ardıcıl qərarlar xalqımızda gələcəyə olan inamı və nikbinlik hisslərini gündən-günə möhkəmlədir, dəyərli mənəvi keyfiyyətlərlə zəngin şəxsiyyətinizə olan məhəbbəti və ehtiramı qat-qat artırır. Azərbaycanda müasir meliorasiya və su təsərrüfatı sisteminin yaradılması və inkişafı Sizin adınızla bağlıdır. Sizin şəxsi təşəbbüsünüz və bilavasitə iştirakınız ilə respublikamızda iri su anbarları, hidroqovşaqlar, magistral kanallar, kollektorlar, nasos stansiyaları və digər vacib dövlət əhəmiyyətli su təsərrüfatı qurğuları tikilib istifadəyə verilmiş, geniş və çoxsahəli meliorasiya və su təsərrüfatı potensialı yaradılmış, suvarılan torpaqlardan yüksək və sabit kənd təsərrüfatı məhsulu götürülməsi üçün əsaslı zəmin yaranmışdır. Hörmətli Prezident!
Biz həmişə olduğu kimi, yenə də Sizin qayğınızı, meliorasiya və su təsərrüfatı sahəsinə, onun gələcək inkişafına olan daimi diqqətinizi hiss edirik. Biz müstəqil respublikamızın inkişafı və onun iqtisadiyyatının möhkəmləndirilməsi sahəsində Sizin rəhbərliyiniz altında görülən tədbirləri ürəkdən bəyənir, müdafiə edir və dəstəkləyirik. Əminik ki, xalqımızın ən ağrılı problemi – Qarabağ problemi də Sizin müdrik rəhbərliyiniz ilə tezliklə və ədalətlə həll ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Möhtərəm Prezident!
Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi Sizin prezidentliyə namizədliyinizi ürəkdən bəyənir və dəstəkləyir, yekdilliklə Sizə səs verəcəyini bildirir. Hazırda meliorasiya və su təsərrüfatı işçiləri hamılıqla yerlərdə Sizin prezident seçilməyiniz üçün lazımi təbliğat işləri aparır. Əminik ki, qarşıdan gələn prezident seçkilərində xalqımız öz iradəsini bir daha ifadə edəcək, Sizi respublikamızın prezidenti seçəcəkdir. Əziz Prezidentimiz!
Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi göstərdiyiniz daimi qayğı və diqqət üçün bir daha Sizə öz dərin minnətdarlığını bildirir. Sizə möhkəm cansağlığı və respublikamızın müstəqilliyinin möhkəmləndirilməsi, onun ərazi bütövlüyünün bərpa olunması, xalqımızın sosial-maddi vəziyyətinin daha da yüksəldilməsi naminə apardığınız ardıcıl və şərəfli işinizdə uğurlar arzulayırıq.
Azərbaycan Respublikası
Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin kollektivi.