SİYASƏT
AZƏRBAYCAN SƏFİRLİYİNDƏ GÖRÜŞ
Milli Dirçəliş günü münasibətilə ölkəmizin Özbəkistandakı səfiri Aydın Əzimbəyov Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası nəzdində fəaliyyət göstərən “Bülbüllər” uşaq mahnı və rəqs ansamblının üzvləri və idmançı soydaşlarımızla görüşmüşdür. Səfir onları bayram münasibətilə təbrik etmiş, Azərbaycanda prezident seçkiləri, ölkədə aparılan iqtisadi islahatlar haqqında məlumat vermişdir.
Son vaxtlar Daşkənddə keçirilən tədbirlərdə “Bülbüllər” ansamblının fəal iştirakını da qeyd edən səfir Özbəkistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin futbol üzrə 5-ci çempionatında diplomatlardan və soydaşlarımızdan təşkil olunmuş komandamızın üzvlərini də təbrik etmişdir.
Sonra ansamblın bədii rəhbəri, Özbəkistanın əməkdar artisti Kövkəb Əliyevaya və üzvlərinə, habelə idmançılara səfirliyin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Kövkəb Əliyeva, idmançılardan Novruz İsmayılov, Natiq Qasımov və Ceyhun Hacıyev çıxış etmiş, qayğı və diqqətə görə səfirliyə öz minnətdarlıqlarını bildirmişlər.