İQTİSADİYYAT


AZEL BAKIDA BEYNƏLXALQ SEMİNAR KEÇİRMİŞDİR
TƏQDİM OLUNAN YENİ KOMPÜTER SİSTEMİ MARAQLA QARŞILANMIŞDIR

Microsoft və Azərbaycan elektronikası (AZEL) şirkətləri fevralın 19-da Bakıda - Avropa mehmanxanasında “Azərbaycanda Microsoft Business Solutions günü” mövzusunda beynəlxalq seminar keçirmişdir.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, AZEL şirkətinin prezidenti İqor Yakovenko seminarı giriş sözü ilə açaraq bildirmişdir ki, Prezident İlham Əliyev Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkışafına xüsusi əhəmiyyət verir. Azərbaycan Prezidentinin ötən ilin dekabrında Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində söylədiyi nitqin bəzi məqamlarını xatırladan natiq qeyd etmişdir ki, dövlətimizin başçısının respublikamızda sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması və mövcud sosial problemlərin həlli istiqamətində həyata keçirdiyi tədbirlər AZEL rəhbərliyi qarşısında da konkret vəzifələr qoymuşdur. Ölkəmizdə kompüter texnologiyasını inkişaf etdirmək, model kompüterlər quraşdırmaq, müasir kompüter proqramları tətbiq etmək və yeni kompüter sistemləri yaratmaq şirkətin perspektiv planına daxildir.

Microsoft şirkətinin MDB ölkələri üzrə nümayəndəliyində regional biznesin inkişafı şöbəsinin rəhbəri Aleksey Badayev çıxışında qeyd etmişdir ki, Azərbaycan kompüter sisteminin inkişafına görə MDB məkanında irəlidədir və bu nailiyyətin əldə olunmasında AZEL-in rolu boyükdür. Qonaq əminliklə bildirmişdir ki, Rusiya bazarının bütün tələblərinə cavab verən “Microsoft Business Solutions” sisteminə Azərbaycanda da böyük maraq göstəriləcəkdir.

“Microsoft Business Solutions” sizin biznesin mühüm əsasıdır”, “Microsoft Navision” - orta və kiçik müəssisələr üçün idarəetmənin inteqrasiya olunmuş sistemidir”, “Funksional və texnoloji imkanlar” və digər mövzularda məruzələr dinlənilmişdir. Məruzələrdə yeni sistem barədə ətraflı məlumat verilmişdir. Natiqlər bildirmişlər ki, “Microsoft Business Solutions-Navision” sistemi mülkiyyətin formasından asılı olmayaraq, butün sahələrdə, kiçik və orta müəssisələrdə hər növ təsərrüfat fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulan işlərin kompleks həllinə imkan verir. Sistem qısa vaxtda idarə və müəssisələrin səmərəli idarə edilməsinə şərait yaradır. Bu isə biznesin əsaslarını diqqət mərkəzində saxlamaq və bu barədə tam təəssurata malik olmaq üçün idarəetmə sisteminin bütün üstünlüklərini hiss etmək istəyən müəssisələrin işinə daha çox uyğundur.

Qeyd olunmuşdur ki, “Microsoft Business Solutions-Navision” sistemi Rusiya Peşəkar Mühasiblər İnstitutunun sertifikatını almış və Rusiya Federasiyası Maliyyə Nazirliyinin mühasibat uçotu metodologiyası departamenti tərəfindən istehsal, istehlak və xidmət sahələrində istifadə üçün tətbiq edilmiş ilk Qərb sistemidir.

Məlumat verilmişdir ki, “Microsoft Business Solutions” “Microsoft” şirkətinin tərkib hissəsi olaraq kiçik və orta bizneslə məşğul olan şirkətlər üçün müştərilər, tərəfdaşlar, tədarükçülər və əməkdaşlarla münasibətləri optimallaşdırmaq və daha yaxşı inkişaf etdirməyə imkan yaradır. Hazırda dünyada 250 mindən çox müştəri “Microsoft Business-Axapta” və “Microsoft Solutions-Navision” proqramlarından yararlanır. “Microsoft Business Solutions”un beynəlxalq satış şəbəkələri dünyanın 132 ölkəsində 4500-dən çox tərəfdaşı və 3800-ə yaxın əməkdaşı birləşdirir.

Təqdim olunan yeni kompüter sistemi maraqla qarşılanmışdır.

Mütəxəssislər seminar iştirakçılarının çoxsaylı suallarına cavab vermişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.