ELM VƏ TƏHSİL


Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Bakı, 11 dekabr, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli “Əbdürrəhim bəy Haqverdiyev və maarifçi realist ədəbiyyat” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, Əbdürrəhim bəy XIX-XX əsr Azərbaycan tarixində həm millət təəssübkeşi, siyasi xadim, həm də mahir qələm ustadı kimi ad qazanıb. Vurğulayıb ki, görkəmli ədib ədəbiyyat salnaməmizdə dramaturgiya və satirik nəsrin, publisistikanın parlaq simalarındandır.

Xatirə Bəşirli Nizami muzeyinin maarifçilik əsri və “Molla Nəsrəddin” məktəbinə həsr olunan ekspozisiya zallarında Əbdürrəhim bəy Haqverdiyevin çoxşaxəli yaradıcılıq irsini, ömür yolunu tanıdan xüsusi guşənin yer aldığını da diqqətə çatdırıb.

Daha sonra muzeyin Ekspozisiyanın qorunması, izahı və audiomüşayiətin təmini şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Nizami muzeyinin ekspozisiyasında Əbdürrəhim bəy Haqverdiyev irsinin təbliği və təqdimi” mövzusunda məruzə ilə çıxış edib. O, ədibin xalqına bağlılığı, dramaturgiyası, satirik hekayə və publisistik əsərlərindən bəhs edib. Bildirib ki, Ə.Haqverdiyevin əsərlərinin bədii dil və üslub xüsusiyyətlərini, obrazlar qalereyasını yüksək qiymətləndirən professor Mir Cəlal Paşayev onu “yeriyən Azərbaycan” adlandırıb.

Sessiya muzey əməkdaşlarının Ə.Haqverdiyevin fəaliyyəti, həmçinin şəxsi əşyalarının tarixçəsi haqqında fikir mübadiləsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.