CƏMİYYƏT


Abilimpiya hərəkatının inkişaf etdirilməsi sahəsində görüləcək birgə işlər müzakirə olunub

Bakı, 7 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Milli Abilimpiya Federasiyasının vitse-prezidentləri Aqşin Babayev və Rüfət Hacılı, Beynəlxalq Abilimpiya Federasiyasının idarə heyətinin üzvü Dina Makeeva, Beynəlxalq Abilimpiya Çempionatının Təşkilat Komitəsinin üzvü Natalya Krel və Rusiya Abilimpiya Mərkəzinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Yuliya Demeçuk ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin şəxslərin sosial müdafiəsi və reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində mühüm işlərin aparıldığını vurğulayıb. O, əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların məşğulluq imkanlarının artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini xatırladıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bu ilin oktyabrında Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub. Cənubi Qafqazda ilk ən böyük, çoxşaxəli fəaliyyət istiqamətlərinə malik inklüziv yaradıcılıq və inkişaf məkanı olan mərkəzin əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının, peşə bacarıqlarının inkişafında xüsusi əhəmiyyətindən bəhs edib.

H.Abdullayev, həmçinin nazirliyin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin həmin şəxslərin yeni peşələrə yiyələnmələrində, istedad və qabiliyyətlərinin təkmilləşdirilməsində mühüm rolunu vurğulayıb. Əlilliyi olan şəxslərin bacarıqlarını nümayiş etdirən və onların yaradıcılığına dəstək məqsədi daşıyan ümumrespublika sərgi-müsabiqələrin keçirildiyini, aktiv məşğulluq proqramlarından biri olan peşə hazırlığının təşkili işlərinin əlilliyi olan şəxsləri də əhatə etdiyini bildirib.

A.Babayev, R.Hacılı, D.Makeeva, N.Krel və Y.Demeçukun fikirləri dinlənilib.

Görüşdə abilimpiya hərəkatının əlilliyi olan şəxslərin peşə bacarıqlarını inkişafında, əlilliyi olan insanların əmək reabilitasiyası və peşə ixtisaslarına, məşğulluq imkanlarına yiyələnmələrinin dəstəklənməsində əhəmiyyəti qeyd edilib. Azərbaycanda ötən il Milli Abilimpiya Federasiyasının yaradılmasının və abilimpiya hərəkatının genişlənməkdə olmasının əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, ötən illər ərzində Abilimpiya Çempionatları ictimaiyyətin rəğbətini qazanıb və əlilliyi olan şəxslərin gələcək peşəkar və şəxsi inkişafına töhfə verilməsində, onların məşğulluğunun artırılmasında nüfuzlu bir platformaya çevrilib. Növbəti Beynəlxalq Abilimpiya çempionatı 2022-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək.

Ölkəmizdə abilimpiya hərəkatının inkişaf etdirilməsi, Milli Abilimpiya Federasiyasının yerli və beynəlxalq çempionatlara hazırlığı istiqamətlərində görüləcək birgə işlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.