ELM VƏ TƏHSİL
Abituriyentlər Azərbaycan-Fransız Universiteti barədə məlumatlandırılıb
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) abituriyentlər, onların valideynləri və bu təhsil ocağı ilə maraqlananlar üçün “açıq qapı” günü keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbirdə UFAZ haqqında videoçarx nümayiş olunub. Sonra UFAZ-ın direktoru Vazeh Əsgərov və baş katibi Şarlotta Payen təqdimatla çıxış ediblər. Tədbir iştirakçılarına UFAZ-a qəbul prosesi və bu ali məktəbdəki tədris proqramları haqqında ətraflı məlumat verilib.
Sonda UFAZ-a sənəd vermək istəyən abituriyentlərin və valideynlərin sualları cavablandırılıb.
Qeyd edək ki, UFAZ 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci il aprelin 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə dövlətimizin başçısı Azərbaycan-Fransız Universitetinin yaradılmasına dair müvafiq Sərəncam imzalayıb. UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və üç il əsas tədris olmaqla dörd ildə fransız proqramı əsasında aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda, hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər.