ELM VƏ TƏHSİL
Abituriyentlərin nəzərinə: “UNEC-i tanı” layihəsinə başlanılıb
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq üçün “UNEC-i tanı” layihəsinə start verilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə ixtisas seçimi günlərində regionun ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verən universiteti olan UNEC-in qapıları abituriyentlərə açıq olacaq. Layihə çərçivəsində abituriyentlər burada tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat ala biləcəklər. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.
Abituriyentlər universitetdə yaradılan imkanlar, xüsusi təqaüd, Avropanın nüfuzlu universitetləri ilə ikili diplom və UDİD proqramları barədə məlumatlandırılacaqlar. Onlar, həmçinin təhsil almaq istədikləri ixtisasın tədris olunduğu bina və auditoriyalarla tanış olacaqlar.
Regionlarda yaşayan və universitetə gəlmək imkanı olmayan abituriyentlər isə onları maraqlandıran sualları UNEC-in rəsmi “Facebook” səhifəsinə ünvanlaya bilərlər. Eyni zamanda, onlar müraciətlərini öz “Facebook” səhifələrindən #UNEC-dən soruş “haştagı” ilə paylaşa bilərlər.
Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qruplarında 20 ixtisas üzrə Azərbaycan, ingilis, türk və rus dilində tələbə qəbulu aparılır.
UNEC-in tanıtım videosunu https://www.youtube.com/watch?v=eqKgPHn2WJc linkində izləmək mümkündür.