REGİONLAR
Abşeron rayonunda Beynəlxalq Qadınlar Günü qeyd olunub
Xırdalan, 7 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tədbirdə xanımları əlamətdar gün münasibətilə təbrik edib. O, Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmizin misilsiz mədəniyyətinin formalaşmasında, yaşadılmasında, nəsildən-nəslə ötürülməsində Azərbaycan qadınının böyük rolunun və müstəsna xidmətlərinin olduğunu bildirib.
Qeyd edilib ki, respublikamızın müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi yüksəlişin təmin olunması işlərinin gerçəkləşdirilməsində qadınlarımız əvəzolunmaz xidmətlər göstərirlər. “Torpaqlarımızın bir qisminin işğal altında olduğu indiki dövrdə Azərbaycan qadını gəncləri Vətənə sədaqət ruhunda tərbiyə edərək, xalqa, cəmiyyətə layiqli övlad yetişdirmək kimi müqəddəs vəzifənin öhdəsindən şərəflə gəlirlər. İnanıram ki, yüksək mənəviyyatınız və qurub-yaratmaq əzminizlə siz cəmiyyətimizin həyatına bundan sonra da yeni çalarlar gətirərək, daim yeniləşən ölkəmizin müstəqillik salnaməsinə parlaq səhifələr yazacaqsınız. Siz xanımlar, xalqımıza xas milli-mənəvi dəyərləri həmişə yaşadacaq və tükənməz intellektual potensialınızla gündən-günə yeniləşən respublikamızın çiçəklənməsi naminə töhfələrinizi əsirgəməyəcəksiniz”, - deyə İ.Gülməmmədova vurğulayıb.
Sonra rayonun ictimai-siyasi, mədəni həyatında fərqlənən bir qrup qadına fəxri fərman təqdim olunub.
Azərbaycanın tanınmış incəsənət xadimləri bayram konserti ilə çıxış edib. Sonda bayram tortu kəsilib, qadınlar üçün ziyafət təşkil edilib.