REGİONLAR
Abşeron rayonunda “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib
Xırdalan, 4 iyun, Ə.Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyəti, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Respublikasının Rəssamlar İttifaqı və İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Xırdalan şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr olunmuş rəsm sərgisi açılıb, tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, icra hakimiyyətinin və İctimai Şuranın əməkdaşları, Şuşanın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə yüksələn igidlərimizin ailələri və könüllülər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Sonra Abşeron məktəblərinin istedadlı şagirdlərinin, sağlamlıq imkanları məhdud şəxslərin çəkdikləri və “Şuşa İli”nə həsr olunan, Şuşanın təbiətini, tarixi abidələrini, gözəlliklərini əks etdirən rəsmlər sərgilənib.
Akt zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə deputat Qənirə Paşayeva çıxış edərək, ölkəmizdə mədəni sahənin inkişaf etdirilməsinin dövlətin prioritetlərindən olduğunu bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev respublikamızda mədəni sahənin sürətli inkişafı istiqamətində çox mühüm addımlar atıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin mədəni həyatının dünya ictimaiyyətinə çatdırılmasında, təbliğində və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin əhəmiyyətindən danışan deputat əlavə edib ki, hər birimiz bu sahəni daha da irəli aparmaq üçün əlimizdən gələni etməliyik.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək Şuşanın Azərbaycan xalqının tarixində tutduğu yeri, onun rolunu vurğulayıb və müqəddəs şəhərimizin şanlı Ordumuz tərəfindən düşmən işğalından azad edilməsinin əhəmiyyətindən danışıb. Ölkəmizdə dövlət tərəfindən şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının götərildiyini, sağlamlıq imkanları məhdud gənclərin dəstəkləndiyini qeyd edən Abdin Fərzəliyev Abşeron rayonunda da bu səpkili layihələrin uğurla icra olunduğunu bildirib. Rayon ərazisində keçirilən bütün tədbirlərdə şəhid ailələrinin, qazilərin iştirak etdiyini, onların bir çoxunun işlə təmin edildiyini, sağlamlıq imkanları məhdud olan istedadlı insanlara lazımi dəstəyin göstərildiyini vurğulayan icra başçısı Abşeron rayonunda qısa zamanda görülən işlər barədə də məlumat verib.
Sonra Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaq olduğunu qeyd ediblər. Vurğulanıb ki, şanlı Azərbaycan Ordusu 30 il düşmən tapdağı altında qalan doğma torpaqlarımızı 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində azad etdi. Bu əməliyyatlar sayəsində yaşayış məntəqələrimiz bir-birinin ardınca ermənilərdən təmizləndi.
Daha sonra Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı səhnəciklər nümayiş olunub.
Sonda şəhid ailələri, qazilər və sağlamlıq imkanları məhdud olan istedadlı gənclərlə birgə xatirə fotosu çəkilib, onların hər birinə hədiyyələr verilib.