CƏMİYYƏT


Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan altı nəfər saxlanılıb VİDEO

Bakı, 28 yanvar, AZƏRTAC

Abşeron Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı Xırdalanda yaşayan şəxslər - əvvəllər məhkum olunmuş Sehranə İsgəndərova, Cəmilə Musayeva, Heydər Abbasov, Rəşad Əliyev və Cavid Qurbanov tutulublar.

Araşdırma nəticəsində S.İsgəndərovanın Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Onun xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq, həmin şəxsin göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul etdiyi və adları çəkilən şəxslərdən ibarət narkoşəbəkə quraraq Abşeron rayonunda narkotik vasitələrin satışını təşkil etməsi məlum olub. Onun üzərinə və Xırdalandakı evinə baxış zamanı 2 kiloqram 700 qram heroin və metamfetamin aşkar edilib. Həmçinin S.İsgəndərovanın yaşadığı evdə narkotik vasitə aludəçiləri üçün tiryəkxana da təşkil etdiyi müəyyənləşdirilib.

Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri digər tədbir nəticəsində isə Novxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Vüqar Həsənov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 50 qram olan heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanıb. Aparılan araşdırmalar zamanı onun Novxanı qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Vüqar Həsənov barəsində Saray polis bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Hər iki əməliyyat zamanı saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və həmin şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.