REGİONLAR
Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb
Xırdalan, 11 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonu Saray qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbdə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən reallaşdırılan “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi” layihəsi çərçivəsində Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək “Lider qadınlarının şəbəkəsi” yaradılıb.
Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” proqramı üzrə reallaşdırılan layihənin əsas tərəfdaşı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov tədbirin mahiyyəti və layihənin vacibliyi haqqında danışıb. O, bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində rayon sakinlərinin, xüsusilə də qadınların, gənclərin bu prosesdə daha fəal vətəndaş mövqeyi nümayiş etdirəcəyinə əminliyini bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bələdiyyə seçkiləri öncəsi qadınların aktivliyi və bu strukturun idarəçiliyində təmsilçiliyinin vacibliyi haqqında danışıb. Sədr müavini qadınların cəmiyyətdəki mövqeyini daha da möhkəmlətmək istiqamətində atılan müvafiq addımlar, görülən işlər çərçivəsində təşkil olunan belə tədbirlərdə onları fəallıq göstərməyə çağırıb, həmçinin onların qərarvermə prosesi və yerli özünü idarəetmədə iştirakının artırılması məqsədilə icra olunan layihələrdə aktiv iştiraklarının və əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Sonra “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri və “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi” layihəsinin rəhbəri Lyudmila Xəlilova layihə haqqında ətraflı məlumat veriblər.
Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, bələdiyyə seçkiləri və idarəçiliyində qadın iştirakçılığını artıran təklifləri müəyyənləşdirmək məqsədi ilə sorğu keçirilib.