ELM VƏ TƏHSİL
“Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri” monoqrafiyası nəşr olunub
Bakı, 20 sentyabr, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” monoqrafiyası nəşr olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
Kitabın “XX əsrin 20-30-cu illərində ədəbi proses: ictimai-sosial mühit və ədəbi-bədii istiqamətlər” adlı birinci fəslində müvafiq ədəbi prosesin dövrləşdirilməsindən, ədəbi fikirdə plüralizm və onun ədəbi prosesin hərəkətindəki rolundan bəhs olunur. Yeni ictimai sistemin ədəbi prosesə təsiri, ədəbi mühitdə iki dünyagörüşün qarşılaşması kimi mühüm məsələlərə dair araşdırmalar da burada yer alıb. Bu fəsil müəllifin haqqında danışılan dövrdə yaradıcılıq təşkilatları və mətbuatın ədəbi prosesə təsirinə dair tədqiqatları ilə də diqqəti cəlb edir.
Monoqrafiyanın “1920-1930-cu illər ədəbi prosesində yaradıcılıq metodu, üslub və janr problemi” adlı ikinci fəslində o dövrdə tənqidi və maarifçi realizm ənənələrinin davamı araşdırılır, XX əsr Azərbaycan romantizminin mövqeyi, yeni yaradıcılıq metodunun formalaşması prosesi, müxtəlif ədəbi üslubların mübarizəsi, qarşılıqlı təsiri öyrənilir. Əsər ötən əsrin 20-30-cu illərinin ədəbi-tarixi prosesinin tədqiqi istiqamətində böyük əhəmiyyətə malikdir.
“Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri” monoqrafiyasından ədəbiyyatşünaslar, tədqiqatçılar və geniş oxucu kütləsi istifadə edə bilər.