ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutu əməkdaşının beynəlxalq folklor festivalında məruzəsi maraqla qarşılanıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Rusiyanın Elista şəhərində “Dünya eposları Canqar nəsillərinin torpaqlarında” mövzusunda keçirilən beynəlxalq folklor festivalında Azərbaycanı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin kiçik elmi işçisi dissertant Orxan İsayev təmsil edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, o, festival çərçivəsində təşkil olunan “Dünya eposları: düşüncələr, fikirlər, mülahizələr” adlı elmi-dəyirmi masada “Kitabi-Dədə Qorqud: Qafqazdan Mesopotamiyaya qədər” mövzusunda məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Orxan İsayev festivalın sonuncu günü “Rossiya” televiziya kanalının Kalmıkiya şöbəsinin əməkdaşına müsahibə verərək bu cür tədbirlərin əhəmiyyətindən danışıb, Ədəbiyyat İnstitutunda folklorla bağlı aparılan tədqiqatlar haqqında Rusiya elmi ictimaiyyətinə məlumat verib.
Ənənəvi təşkil olunan festivalda Rusiyada yaşayan xalqların, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Suriya və digər ölkələrin nümayəndələri iştirak ediblər.