CƏMİYYƏT
Ədliyyə naziri: 22 prioriteti əhatə edən yeni Fəaliyyət Planı bu sahədə mühüm təkan olacaq VİDEO
Bakı, 5 aprel, AZƏRTAC
Bu gün təqdimatı keçirilən və genişliyi ilə fərqlənərək 22 prioriteti əhatə edən yeni Fəaliyyət Planı bu sahədə əlavə mühüm təkan olacaq. Fəaliyyət Planında insan haqlarının təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, ədliyyə və məhkəmə islahatlarının dəstəklənməsi, gənclik və media potensialının gücləndirilməsi, korrupsiyaya qarşı tədbirlərlə yanaşı insan alveri ilə mübarizə, ətraf mühitin qorunması, süni intellektin tətbiqi kimi müasir çağırışlara uyğun yeni sahələr də təsbit olunub. Bu da mütərəqqi dəyərlərə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyimizin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 5-də ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının 2022-2025-ci illər üzrə Azərbaycan üçün fəaliyyət planının təqdimetmə mərasiminə həsr olunmuş tədbirdə bildirib.
Fikrət Məmmədov qeyd edib ki, ali dövlət orqanları və yüksək məhkəmələr, müxtəlif nazirliklər, hüquq-mühafizə orqanları, ali təhsil müəssisələri və digər qurumlarla yanaşı Ədliyyə Nazirliyi də Fəaliyyət Planının bir çox istiqamətləri üzrə milli tərəfdaşdır. Bu baxımdan Planın mühüm cəhəti olan məhkəmə islahatlarını xüsusi vurğulamaq istərdim. Avropa Şurasının Baş katibinin Avropa ədliyyə nazirlərinin konfransında qeyd etdiyi kimi, “məhkəmə müstəqilliyi sağlam demokratiyada qanunun aliliyinin başlıca şərtidir”.
Nazir bildirib ki, bütün Avropa üçün aktual olan məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycanda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl islahatlar aparılır. Üç il əvvəl imzalanmış məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair mühüm “yol xəritəsi” olan Fərman bu sahədə inqilabi dəyişikliklərə rəvac verib.
Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində hakim korpusumuz 75 faiz yenilənib. Onların sırasında gənclərin üstünlük təşkil etməsi, həmçinin gender bərabərliyi baxımından qadınların sayının xeyli artması bizi sevindirir.