CƏMİYYƏT
Ədliyyə nazirinin müavini Kürdəmirdə vətəndaşları qəbul edib
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 17-də Ədliyyə nazirinin müavini Toğrul Musayev Kürdəmir şəhər Mədəniyyət Mərkəzində Kürdəmir və ətraf rayonlardan olan vətəndaşları qəbul edib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Kürdəmir şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Nazirliyin aidiyyəti məsul işçilərinin iştirakı ilə keçirilən qəbulda T.Musayev vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Yerli sakinlər dövlətimizin başçısının insanlara qayğılı münasibətinin təzahürü olaraq hər bir vətəndaşın bölgələrdə qəbul edilərək diqqətlə dinlənilməsinə və problemlərinin həllinə kömək göstərilməsinə görə minnətdarlıqlarını ifadə ediblər.
Səfər çərçivəsində, həmçinin yerli ədliyyə qurumlarının fəaliyyəti və iş şəraiti ilə tanışlıq olub, ədliyyə işçilərinə fəaliyyətlərində məsuliyyətli, təvazökar olmaları, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl etmələri tapşırılıb. Ölkə rəhbərinin dövlət qulluqçularının qarşısında qoyduğu mühüm tələbləri diqqətə çatdırılaraq bildirilib ki, insanlara layiqli xidmət, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, sui-istifadə hallarının yolverilməzliyi hər bir əməkdaşın əsas vəzifəsidir.