DÜNYA
Əfqanıstan TAPI qaz kəməri tikintisinin bərpasına başlayacaq
Aşqabad, 1 noyabr, AZƏRTAC
Əfqanıstan tərəfi TAPI qaz kəməri tikintisinin bərpasına başlayacaq. Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərini, Türkmənistan-Əfqanıstan-Pakistan (TAP) elektrikötürücü xətlərini, Türkmənistandan Əfqanıstanın bəzi əyalətlərinə dəmir yolunun tikintisini fəallaşdıracaq.
AZƏRTAC yerli KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanda rəsmi səfərdə olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Əfqanıstanın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər zamanı siyasi-iqtisadi əlaqələrə dair fikir mübadiləsi aparıb, təhlükəsizlik və humanitar yardımların tədarükü sahəsində vəziyyəti müzakirə edib.
Əfqanıstanın müvəqqəti hökumətinin Baş nazirinin müavini Abdulsalom Hanafi iki ölkə arasında milli layihələri mümkün qədər tez başlamaq istədiklərini, həyata keçirilməsi üçün bütün lazımi şəraitin, o cümlədən təhlükəsizlik tədbirlərinin yaradıldığını bildirib.
Qeyd edək ki, tərəflər iki ölkə arasında müştərək layihələri, o cümlədən dəmir yolu və TAPI qaz kəməri layihəsini, TAP elektrik ötürücü xəttini dəstəkləyir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad