CƏMİYYƏT
Əfqanıstan nümayəndə heyətinə AZINNEX barədə ətraflı məlumat verilib
Bakı, 19 aprel, AZƏRTAC
Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müşaviri Camal Aryubi və “ASAN Khedmat” mərkəzinin direktoru Məhəmməd Naim Çamkanainin təmsil etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri ilə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə AZINNEX barədə ümumi məlumatla yanaşı, iştirak edən üzv şirkətlərin innovativ məhsul və xidmətləri barədə təqdimatlar edilib. Həmçinin Konsorsium üzvlərinin Əfqanıstan bazarında tətbiq edilə biləcək innovasiyaları və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Nümayəndə heyəti tərəfindən “ASAN xidmət” modelinin Əfqanıstan İslam Respublikasında uğurla tətbiq olunması üçün başlanılmış prosesdə yeni islahatların aparılması, ümumilikdə ölkənin müasir infrastrukturunun qurulması çərçivəsində AZINNEX-in töhfələrinə ehtiyac olduğu bildirilib.
Görüş gələcəkdə real əməkdaşlıq imkanları üzrə müzakirələr ilə davam etdirilib.