MƏDƏNİYYƏT


Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Nadejda Nadejdina adına “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblı Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl bütün iştirakçıları salamlayan Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov belə tədbirlərin xalqlar arasında mədəni sahədə əlaqələrin daha da möhkəmlənməsinə təkan verdiyini söyləyib. Səfir deyib ki, “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblı uzun illərdir öz çıxışı ilə insanlara sevinc bəxş edir. Ötən il 70 illik yubileyini qeyd edən və bu illər ərzində bütün dünyanı gəzən “Beryozka” ansamblı klassik slavyan rəqs mədəniyyətinin etalonu hesab olunur.

Son illər Rusiyanın sənət adamlarının Azərbaycanda mütəmadi olaraq çıxışlarını yüksək dəyərləndirən diplomat belə tədbirlərin təşkilinə verdiyi dəstəyə görə ölkəsinin Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Sonra M.Boçarnikov Rusiyanın Mədəniyyət nazirinin tədbir iştirakçılarına müraciətini oxuyub.

Gecədə əfsanəvi ansambl tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edib.

Tamaşaçılar “Beryozka” ansamblının ifasında Nadejda Nadejdinanın və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alıblar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Qeyd edək ki, bu tədbirlərin davamı olaraq oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsert keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.