CƏMİYYƏT


Aftoz stomatit ağız boşluğunda əmələ gələn iltihabi prosesdir

Bakı, 29 oktyabr, AZƏRTAC

Aftoz stomatit ağız boşluğunun selikli qişasının üst səthində əmələ gələn, ətrafı qırmızı rənglə haşiyələnən, içərisi yarımşəffaf maye ilə dolu, olduqca ağrılı iltihabi prosesdir. Onun əmələ gəlməsi zamanı həmin nahiyədə kəskin ağrı, yemək yeyərkən ağız boşluğunun selikli qişasında göynəmə, yanma hissi, ətraf limfa düyünlərinin böyüməsi, bəzən də bədən temperaturunun yüksəlməsi kimi hallar baş verir.

Bu barədə AZƏRTAC-a Respublika Stomatoloji Mərkəzin həkim-stomatoloqu Fidan Aslanlı məlumat verib. Onun dediyinə görə, prosesin mərkəzində içərisi yarımşəffaf, ağımtıl maye ilə dolu qovucuqlar–aftlar yaranır: “Həmin qovucuqlar adətən dilin iç və yan hissələrində, diş ətində, dilin altında, yanağın və dodağın içəri səthində, bəzi hallarda yumşaq damaqda əmələ gəlir. Bir müddət sonra qovucuqlar partlayır və yerində ağrılı xarakter daşıyan eroziya əmələ gəlir.

Aftoz stomatitin yaranma mexanizmi tam bəlli olmasa da, xəstələrin hamısında immun sistemin zəifləməsi müşahidə olunur. Stress, qidalar, travmalar, xəstəliklər, zərərli vərdişlər və bəzi diş məcunları xəstəliyin əmələ gəlməsini sürətləndirir. Məsələn, bu, qadınlarda daha çox menstruasiyadan əvvəl əmələ gələn bilər. Sitrus meyvələri, sirkə turşu, şorabalar, kəskin duzlu və ədviyyatlı çərəzlər, dil, dodaq dişləmə, sərt qidalar və diş fırçaları, damaq protezlərinin yaratdığı mikrotravmalar, bir sıra mədə-bağırsaq problemləri, immun sisteminin zəifləməsi ilə gedən xəstəliklər, B12 vitamini və dəmir çatışmazlığı da onun yaranmasına səbəb ola bilər. Uzun müddət siqaret və ya qəlyan çəkənlərin ağız boşluğunun selikli qişası qalınlaşır və zədələnməyə meyilli olur. Habelə dişləri təmizləmə və ağartma xüsusiyyətlərini artırmaq üçün məcunların tərkibinə qatılan natrium laurilsulfat-SLS adlı kimyəvi maddə selikli qişa hüceyrələrinə zədələyici təsir göstərir”.

Xəstəliklə üzləşməmək və ondan qorunmaq üçün həkim-stomatoloq belə məsləhət verib: “Ağız boşluğunun gigiyenasına əməl etmək, zərərli vərdiş və zərərli qidalardan uzaq olmaq, SLS-li diş məcunlarından istifadəni məhdudlaşdırmaq, dişləri yumşaq diş fırçaları ilə yumaq lazımdır.

Xəstəlik zamanı yaraların üzərinə nanə yağının çəkilməsi ağrıların azalmasına kömək edir. Bundan əlavə dəmlənmiş itburnu yarpaqlarını balla qarışdıraraq inhalyasiya etmək və ya bir qaşıq aloe şirəsini bir qaşıq balla qarışdırıb zədəli nahiyələrə çəkməklə də müsbət nəticə əldə etmək olar. Problemi aradan qaldırmaq üçün xama halına gələnə qədər sarıkökü azca su ilə qarışdırıb zədəli nahiyələrə sürtmək və ya xəstəlik sağalana qədər gündə bir stəkan xar tut şirəsi içmək məsləhət görülür. Gün ərzində reyhan yarpaqları çeynəmək də xəstəliyin aradan qalxmasına kömək edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.