CƏMİYYƏT
Ağacları qanunsuz olaraq kəsən və köçürən paytaxt sakinləri cərimələniblər
Bakı, 2 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçiriblər.
Departamentdən AZƏRTAC-a verilən məlumata əsasən, reyd zamanı Nizami rayonunun Bəhruz Nuriyev küçəsi, 32 ünvanında diametri 4-8 santimetr olan iki aylant və diametri 10 santimetr olan bir söyüd ağacının kəsildiyi aşkarlanıb. Araşdırma zamanı ağacları Bakı şəhər sakini Orduxan Bəylərovun kəsdiyi və nəticədə təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən iki min manat məbləğində cərimələnib.
Eyni zamanda, Suraxanı rayonunun A-B yaşayış massivində ağac köçürülməsi faktı aşkarlanıb. Araşdırma zamanı Eldar şamı ağacının Bakı şəhər sakini Sənan Rəhimov tərəfindən Dövlət Ekspertiza İdarəsinin müvafiq rəyi olmadan qanunsuz köçürüldüyü və təbiətə 900 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən üç min manat məbləğində cərimə olunub.