REGİONLAR
Ağcabədi məktəblisi: Hər bir gənc öz Vətəninin tarixini dərindən bilməlidir
Şəki, 24 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası Azərbaycanda gənclərlə bağlı həyata keçirilən ən uğurlu layihələrdən biridir. Bu layihəyə respublikamızın bütün şəhər və rayonlarından məktəblilərin qoşulması onun əhəmiyyətini daha da artırır. Hər bir gənc öz Vətəninin tarixini dərindən bilməlidir. Belə bir layihənin iştirakçısı olmağımdan qürur hissi keçirirəm.
Bu fikirləri maarifləndirici tur-aksiyanın iştirakçısı, Ağcabədi şəhər 11 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Qumru Ağazadə Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə bildirib.
Respublikamızın şimal-qərb bölgəsinə ekskursiya ilə bağlı təəssüratlarını bölüşən tur-aksiya iştirakçısı deyib: “Əksəriyyətimiz bu bölgədə ilk dəfədir oluruq. Qəbələnin, Şəkinin, Zaqatalanın tarixi məkanları ilə tanış olmaq hər birimizin çoxdankı arzusu idi. Prezidentimizin təşəbbüsü ilə həyata keçirilən bu möhtəşəm layihə bizi arzumuza qovuşdurub. Biz məktəbdə öyrəndiklərimizi bu ekskursiya zamanı daha da təkmilləşdirir, yeni bilgilər əldə edir, istirahətimizi mənalı keçiririk”.