REGİONLAR


Ağcabədidə Yaponiya hökumətinin dəstəyi ilə inşa edilən tibb məntəqəsi istifadəyə verilib VİDEO

Ağcabədi, 6 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Noyabrın 6-da Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Ağcabədi rayonunun Kəbirli kəndində inşa edilən tibb məntəqəsi istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Keisuke Yamanaka ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələrdən danışıb. Bildirib ki, bələdiyyələr, tibb institutları və qeyri-hökumət təşkilatlarının təqdim etdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı layihələrinin məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir. Bu layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi sahələrində həyata keçirilə bilər. Hazırki layihə də daxil olmaqla, indiyədək ümumi dəyəri 19 milyon 983 min 599 ABŞ dolları olan 234 layihə üzrə qrant müqaviləsi imzalanıb.

Diqqətə çatdırılıb ki, Yaponiya hökuməti Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verir. Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği 1,1 milyard ABŞ dollarını keçib.

Yaponiya hökuməti indiyədək Ağcabədi rayonunda altı layihə həyata keçirib, bu isə yeddinci layihədir. Ümumi məbləği 90,901 ABŞ dolları təşkil edən layihənin məqsədi Ağcabədi rayonunun Kəbirli kəndinin sakinlərinin tibbi xidmətdən istifadəsi üçün şərait yaratmaqdır. Layihədən təqribən 10 mindən çox insan faydalanacaq.

Mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva iki dost ölkə olan Azərbaycan və Yaponiya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib.

Tədbir iştirakçıları sonra tibb məntəqəsinin həyətində ağac əkib, binada yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.