REGİONLAR
Ağcabədidə şəhid Xəqani Quliyevin xatirəsi anılıb
Ağcabədi, 16 yanvar, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Xəqani Quliyevin xatirəsi onun doğulub boya-başa çatdığı Ağcabədi rayonunun Avşar kəndində anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin nümayəndələri, şəhidin əzizləri və döyüş yoldaşları Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının, sonra isə Avşar kənd qəbiristanlığında şəhid Xəqani Quliyevin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Mərasimdə şəhidin ailə üzvləri və döyüş yoldaşları çıxış edərək onun mənalı həyatından və döyüş yolundan danışıblar. Məlumat verilib ki, Xəqani Sabir oğlu Quliyev 1973-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ildə həqiqi hərbi xidmətə yollanaraq Vətənimizin müdafiəsində iştirak edib. Ağdərə istiqamətində gedən döyüşlərin iştirakçısı olan Xəqani Quliyev 1994-cü il yanvarın 15-də Həsənqaya kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Çıxışlarda Vətənimizin müdafiəsi uğrunda canından keçən oğul və qızlarımızın, o cümlədən şəhid Xəqani Quliyevin ömür yolunun gənclərə örnək olduğu, onların heç zaman unudulmayacağı, xatirələrinin daim qəlbimizdə yaşayacağı bildirilib.