CƏMİYYƏT
Ağdam rayonunun Alıbəyli-2 qəsəbəsində iki qumbara aşkarlanıb
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-da saat 10:20-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonunun Alıbəyli-2 qəsəbəsində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, agentliyin mobil əməliyyat qrupunun və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə su kanalına baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində partladıcı olmayan RQ-42 əl qumbarası və 30 millimetrlik silah qumbarası (VOQ-17) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaraların tapıldığı yerin ətrafında 4,5 min kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.