REGİONLAR
Ağdam yenidən ağ günlərinə qovuşur FOTO
Ağdam, 2 iyun, AZƏRTAC
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da həyat yenidən qayıdır. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamın ağ günləri yenidən başlayır.
İşğaldan azad olunmuş Ağdama dəfələrlə səfər etmiş, Ermənistanın yer üzündən silərək "ruhlar şəhəri"nə çevirdiyi bu yurd yerindən çoxsaylı reportajlar hazırlamışıq. Ağdama budəfəki səfərimiz isə tamamilə başqa ruhda idi. Prezident İlham Əliyev mayın 28-də Ağdamda Bərdə-Ağdam avtomobil yolunun, ilk yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyması, park-meşədə ağac əkməsi şəhərə yeni nəfəs gətirib.
"Dördyol"dan üzü Ağdama irəlilədikcə avtomobil yolunun yenidən qurulmasını böyük qürur və sevinc hissləri ilə izləyirik. Axı, bu yol adi yol deyil - Böyük Qayıdış yoludur. Bizi Ağdamımıza, işğaldan azad edilmiş ərazilərə, Qarabağın gələcək inkişafına və xoş günlərimizə aparan yoldur. Yolun tikintisinə xeyli sayda canlı qüvvə və texnika cəlb edilib. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Ağdam şəhərinin girişində isə şam ağacları əkilir. 30 ilə yaxın müddətdə yaşıllıqların tamamilə məhv edildiyi bu yerlər indi yaşıl libasa bürünür. Ağdam şəhərinin baş planına əsasən burada 125 hektar sahəsi olan meşə-park yaradılacaq.
Bizimlə birlikdə gələn Ağdam sakinləri bir tərəfdən doğma şəhərlərinin tamamilə dağıdılmış vəziyyətini görüb kədərlənir, digər tərəfdən 28 ildən sonra buraya ayaq basdıqlarına və şəhərin yenidən qurulması işlərinə başlanılmasına görə böyük sevinc hissi keçirirdilər.
Güntəkin Məmmədova 28 ildir ayrı düşdüyü doğma yurdunu ötən müddətdə hər gün xəyal etdiyini, yuxularında gəlib gəzdiyini bildirib. O, Ağdamı Xirosima ilə müqayisə edərək deyib: "Mən Xirosimada olmuşam. Yaponlar gələcək nəsillər üçün burada yalnız bir binanı atom bombasının atılmasından sonra hansı vəziyyətə düşübsə, elə də saxlayıblar. Ətrafında muzey və abidələr yaradılıb. Muzeydə Xirosimanın müharibədən əvvəlki və sonrakı vaxtları göstərilir. Onu qeyd edim ki, Xirosima atom bombasının atılması nəticəsində dağılıb, Ağdam isə insan əli ilə bu hala salınıb. Özünü insan adlandıran məxluq bu vəhşiliyi etməz. Şəhəri tamamilə dağıdıb yox ediblər, nə varsa talayıb aparıblar. Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin yaradılması olduqca tədqirəlayiqdir. İşğal muzeyində 30 illik işğal dövründə Azərbaycan xalqının ağrılı-acılı günləri, Ağdamın yerlə-yeksan edilməsi, Zəfər muzeyində isə qəhrəman oğullarımızın igidlik nümunələri gələcək nəsillərə çatdırılacaq".
Həcər Əliyeva ilə İmarət kompleksində söhbət etdik. O, Ağdamla bağlı xatirələrindən kövrələrək danışıb: "Əvvəllər buralar çox gözəl idi. Burada stadion var idi. Orada böyük konsertlər olurdu. Bizi məktəbdən gətirirdilər, xorda oxuyurduq. Buradan məktəbimizə gəzə-gəzə gedirdik... İndi Ağdamı gəlib belə görmək dəhşətdir. Televizorda Ağdamın dağıntılarını göstərəndə düşünürdük ki, hansısa uçmuş bir yeri görüb haranısa tanıyarıq, evimizi, ağacımızı taparıq. Belə təsəvvür etmirdik. Heç haranı tanımaq mümkün deyil. İnanmıram ki, tarixdə belə bir vəhşilik törədilsin".
Şəhərin müasir standartlara uyğun inkişaf planı artıq işlənib hazırlanıb. Plana əsasən Ağdamda həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Ağdam şəhərinin ərazisinin 30 faizi əhalinin 70 faizini əhatə edəcək. Artıq Prezident İlham Əliyevin iştirakı ilə ilk inşa olunacaq yaşayış binasının təməli qoyulub. ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühendislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.
Bakı Dövlət Universitetinin müəllimi Akif Rüstəmovla ilk yaşayış binasının təməli qoyulan yerdə həmsöhbət olduq. "Açığını deyim ki, inanmırdım 28 ildən sonra Ağdama gələ bilərəm. Həm də ürəyimdə fikirləşirdim ki, Azərbaycan xalqı torpaqların işğalda qalması ilə barışa bilməz. Var olsun ordumuz. Ali Baş Komandanın rəhbərliyi ilə bu sevinci bizə yaşatdı. Ağdama çatanda kövrəldim. 28 ildir Ağdamın həsrəti ilə yaşamışam. Dayandığımız yerdə ilk yaşayış binasının təməli qoyulub. Tezliklə Ağdamımız yenidən qurulacaq, gözəl binalar tikiləcək. Bütün bunlar bizi sevindirir".
Bəli, artıq Qarabağımızın, Ağdamımızın yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib. Çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.
Tahir Ağaməmmədov
AZƏRTAC-ın müxbiri