REGİONLAR
Ağdamda 30,8 min hektarda payızlıq və yazlıq bitkilər əkilib
Ağdam, 16 iyul, AZƏRTAC
Ağdam rayonunda cari ilin məhsulu üçün əvvəlki illərin çoxillik otları da daxil olmaqla, 30 min 801 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilib. Bu ilin əkinləri keçən illə müqayisədə 283 hektar və yaxud 0,9 faiz çoxdur.
Ağdam Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkin sahəsinin 14 min 443 hektarı və yaxud 46,9 faizi payızlıq dənlilərdən, 9 min 522,9 hektarı və ya 30,9 faizi yazlıq əkinlərdən, 6 min 835,1 hektarı və ya 22,2 faizi çoxillik otdan ibarətdir. Bitki növləri üzrə əkinin 14 min 461,5 hektarını (47 faiz) payızlıq-yazlıq dənli bitkilər, 2 min 914,4 hektarını (9,4 faiz) texniki bitkilər, 5 min 16 hektarını (16,3 faiz) kartof, tərəvəz və bostan bitkiləri, 8 min 409,1 hektarını (27,3 faiz) yem bitkiləri təşkil edir.
Hazırda taxıl biçinini başa çatdıran ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri digər kənd təsərrüfatı bitkilərinin becərilməsini və məhsul yığımını davam etdirirlər.