REGİONLAR
Ağdamda dünya çempionu ilə görüş keçirilib
Ağdam, 21 oktyabr, AZƏRTAC
Ağdam rayon Heydər Əliyev Mərkəzində “Ağdam” İdman Klubunun Prezidenti, Şərq əlbəyaxa döyüş növləri üzrə ikiqat dünya çempionu Tural Cavadovla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayon Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin gənc könüllüləri, mədəniyyət işçiləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə Zəngişalı kənd mədəniyyət evinin müdiri Fikrət Əliyev və Heydər Əliyev Mərkəzinin əməkdaşı Elçin Cəfərov çıxış edərək, Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi istiqamətində görülən işlərdən danışıb, dünya və Avropa çempionu Tural Cavadovun əldə etdiyi uğurlar barədə məlumat veriblər. Bildirilib ki, 1996-cı ildən Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan Tural Cavadov 2005-ci ildə dünya kubokunun sahibi olub, 2006-cı ildə Avropa çempionu, 2013-cü və 2014-cü illərdə dünya çempionu adını qazanıb.
Tural Cavadov görüşün təşkilatçılarına minnətdarlığını ifadə edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşmən üzərində Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Əldə edilən qələbə Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin göstəricisidir.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.