CƏMİYYƏT
Ağdamda ərzaq mağazasında istehlak müddəti bitmiş qida məhsulları aşkarlanıb
Bakı, 20 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağdam rayonunun Çəmənli kəndində fiziki şəxs Vəliyev Cabir Nadir oğluna məxsus qida məhsullarının pərakəndə satışı mağazasında keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulma faktları aşkar edilib.
Mağazada süni işıqlandırma lampalarının qoruyucu örtüklə, işçi heyətin xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, məhsulların saxlanılmasında temperatur rejiminə əməl olunmadığı və tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, həmçinin satışa təqdim olunan bəzi qida məhsullarının istehlak müddətinin bitdiyi və digər nöqsanlar müəyyən olunub.
Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Sahibkar barəsində inzibati protokol tərtib edilib.
Araşdırmalar davam etdirilir.