REGİONLAR
Ağdamda ət, süd, yumurta və yun istehsalı artıb
Ağdam, 24 oktyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu ilin 9 ayında rayonda 3445,2 ton ət, 28 min 231,9 ton süd, 12 milyon 592 min ədəd yumurta, 204 ton yun istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 5,7 faiz, süd istehsalı 5,4 faiz, yumurta istehsalı 21,3 faiz, yun istehsalı 4,9 faiz çoxalıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan südlük və ətlik istiqamətli cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Təkcə bu ilin 9 ayında 2919 baş inək və düyə süni yolla mayalandırılıb, 1597 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şarole” və “Şvis” cinslərindən olan buğaların toxumları istifadə edilir.