REGİONLAR
Ağdamda məcburi köçkünlərin məskunlaşdıqları ərazidə sakinlər tezliklə təbii qazdan istifadə edəcək
Ağdam, 22 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Qaradağlı kəndi ərazisində kompakt şəkildə məskunlaşmış məcburi köçkünlərin evlərinə tezliklə təbii qaz veriləcək.
Qaz çəkilişində iş icraçısı Vilayət Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ərazinin qazlaşdırılması işləri başa çatmaq üzrədir. Layihə üzrə 4100 poqonmetr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib. Hazırda sayğaclaşma və qaz xətlərinin rənglənməsi işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra ərazidəki 48 evə “mavi yanacaq” veriləcək.
Məcburi köçkünlərin məskunlaşdıqları ərazinin qazlaşdırılması sakinlərin sevincinə səbəb olub. Laçın rayonundan məcburi köçkün Xalid Məhəmmədov deyib: “1992-ci ildə Laçın rayonu işğal olunandan burada məskunlaşmışıq. Bizim əsas çətinliyimiz yanacaq sarıdan idi. Ötən dövrdə odun və digər vasitələrdən istifadə edirdik. Bu gün isə bizim də yaşadığımız ərazi qazlaşdırılır. Tezliklə bu çətinliyimiz də aradan qalxacaq. Əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".