REGİONLAR
Ağdaş heyvası yerli bazarla yanaşı, xarici bazarlara da çıxarılır - REPORTAJ VİDEO
Ağdaş, 15 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Ağdaşın heyva bağlarından məhsul yığımı davam edir. Tədarük edilən heyva yerli və xarici bazarlara ixrac olunur.
AZƏRTAC xəbər verir ki, son illərdə fermerlər Ağdaşda heyvanın 15-dən çox növünü yetişdirməyə nail olublar. Heyvaçılıq əsasən rayonun Orta Ləki, Aşağı Cardam, Güvəkənd, Yenikənd kəndlərində əhalinin əsas gəlir mənbəyi hesab edilir. Kəndlilər bağlarda heyvanın Bəhram, Cardam, Kamil, Əppək, Armudu, İyli, Almalı, Bardaq sortlarının əkilib-becərilməsinə daha çox üstünlük verirlər.
On ildən çoxdur heyvaçılıqla məşğul olan Ağdaşın Orta Ləki kənd sakini Baqi Şıxməmmədov deyir ki, ötən illə müqayisədə bu il məhsul boldur, amma qiymətlər o qədər də ürək açan deyil. Bunun da əsas səbəbi Rusiya ilə Ukrayna arasındakı müharibədir: “Məlum səbəblərə görə xarici bazarlara çıxışımız çətinləşib, alıcı qıtlığımız var. Çalışırıq bu vəziyyətdən zərərsiz çıxa bilək. Məhsullarımızı yerli və xarici bazarlarda satışa çıxarırıq. Qiymətlər məhsulun formasına və həcminə görə 30 qəpikdən 3 manata qədər dəyişir”.
Fermerlərin sözlərinə görə, bu il rayonda havanın əlverişli keçməsi və ağaclara lazımi aqrotexniki qulluğun göstərilməsi bağlarda məhsulun bol olmasına səbəb olub.
Ağdaşda heyvaçılığa maraq ildən-ilə artır, məhsuldar sortların yetişdirilməsi, yeni bağların salınması üçün tədbirlər görülür. Rayonun bir neçə kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan heyva bağlarında, əsasən, ixrac qabiliyyətinə malik sortların yetişdirilməsinə üstünlük verilir. Ağdaşın heyva bağlarında məhsul yığımı oktyabr ayının sonlarında başlayır, növbəti ayın ortalarına qədər davam edir. Tədarük edilən məhsulun 60 faizi payız aylarında yerli bazarla yanaşı, xarici bazarlarda satılır. Bəzi kənd sakinləri bir qədər əziyyətə qatlaşıb məhsulu qış aylarına qədər saxlayır və baha sata bilir.
Orta Ləki kənd sakini Əfqan Əliyev də bir neçə gündür həyətlərində olan heyvanın tədarükünə başlayıb. Yığım prosesi 30-35 gün davam edən heyva əvvəlcə çeşidlənir. “Biz birinci növ heyvanı xarici bazarlara göndəririk, ikinci və üçüncü növü rayon və paytaxt bazarlarına, eləcə də şirə emalı zavodlarına satırıq. Xarici bazara çıxarılan məhsulla yerli bazarda satılan məhsulun qiymətində də fərq var. Ötən illə müqayisədə bu il qiymətlər nisbətən ucuzdur. Heyva yaxşı meyvədir, ondan kompot, mürəbbə, şirə və s. hazırlanır”, - deyə o bildirir.
Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Mikayıl Xəlilovun sözlərinə görə, rayonda 3450 hektar meyvə bağı var. Bunun da 169 hektarı heyva bağlarıdır: “Əgər məhsula düzgün qulluq edilibsə, aqrotexniki normalara uyğun yetişdirilibsə həmin heyvanın qiyməti də normal olur. Yox, əgər pərakəndə bağ əkilib və qulluq olunmayıbsa, onda həmin məhsulun keyfiyyəti də aşağı olur. Bu da qiymətə təsir göstərir. Əgər vətəndaşın keyfiyyətli məhsulu varsa və ona alıcı tapa bilmirsə, bizə müraciət edə bilər. Biz həmin vətəndaşı heyva alan sahibkarlara yönəldə bilərik ki, məhsulunu rahat sata bilsin”.
Xatırladaq ki, heyva ağacının yarpağından, çiçəyindən, meyvəsindən və çəyirdəyindən 10-a yaxın xəstəliyin müalicəsində istifadə edilir. Eyni zamanda, heyvadan ev şəraitində şirə, kompot, mürəbbə də hazırlamaq mümkündür.